İki karateçimiz finalda

17:03 - 14 İyun 2015

Karateçilərin sonuncu günü

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, yarışın sonuncu günü daha 6 dəst medal sahibini tapacaq.

 

İlk gündə Azərbaycan millisinin aktivinə 2 qızıl və 2 bürünc medal yazdıran karateçilərimiz bu gün medal sayını artıra bilərlər. Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışında gücünü yoxlayacaq.

 

Kumite

Kişilər

84 kq

B qrupu

Bu çəkidə mübarizə aparan Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb.

 

Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb.

 

+84 kq

B qrupu

Azərbaycan karateçisi Şahin Atamov qrupda ilk görüşünü dünya çempionu Ərkan Enesə (Türkiyə) qarşı keçirib. Döyüş gözlənilməz nəticə ilə başa çatıb. Mundialın və Avropa çempionatının gümüş mükafatçısı olan Atamov 1:10 hesabı ilə uduzub. Şahin daha sonra elə də zəngin karyerası olmayan Martin Nestorovskini (Makedoniya) məğlub etməyə çalışıb, lakin bunu bacarmayıb - 3:5. Həmyerlimiz qrupdakı son görüşündə də qələbə istəyini reallaşdıra bilməyib. Bu dəfə təcrübəli Spiridon Marqaritopulosa (Yunanıstan) uduzan Atamov qrupda qalıb.

 

Qadınlar

68 kq

A qrupu

Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska yarışa qələbə ilə başlayıb. 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.

 

Bu qələbə İrinanı yarımfinala yüksəldib. O, digər qrupun lideri Marina Rakoviçlə (Monteneqro) döyüşüb və uğurlu seriyanı davam etdirib - 1:0. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşacaq. Döyüş saat 17:54-də start götürəcək.

 

+68 kq

A qrupu

Bu çəkidə mübarizə aparacaq Aytən Səmədli ilk oyununda Masa Martinoviçlə (Xorvatiya) üz-üzə gəlib. Lakin həmyerlimiz özünü yaxşı tərəfdən göstərə bilməyib və 1:2 hesabı ilə uduzub. Təəssüf ki, o, növbəti görüşdə də məğlubiyyət acısı yaşayıb. Bu dəfə fransalı Nadege İbrahim Ait Səmədlidən güclü olub - 5:0. Aytən son görüşünü Hana Antunoviçə (İsveç) qarşı keçirib və rəqib 9:1 hesabı ilə qalib gəlib. Hər 3 görüşdə qələbəyə həsrət qalan Səmədli yarışla vaxtından əvvəl vidalaşıb. 

 

Kata

 

Kişilər

B qrupu

Bu qrupun ilk görüşü həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. Avropa və Dünya Kubokunun mükafatçısı ardınca fransalı Dak Min və rumıniyalı Quta Adriandan da zəif təsir bağışlayıb - 0:5. Nəticədə qrupda 3-cü yeri tutan Balcani mərhələ adlaya bilməyib.

 

Qadınlar

B qrupu

Ölkəmizi təmsil edən Adilə Qurbanova da Balcani kimi yarışla vaxtından əvvəl vidalaşıb. Dünya kubokunun ikiqat qalibi almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və xorvatiyalı Vlatka Kiuki üstələyə bilməyib.

 

Qeyd edək ki, karate yarışlarına saat 10:00-da start veriləcək. Yarımfinallar və final görüşləri isə saat 17:00-da başlayacaq.

Xəbər xətti