"Bakı-2015": İki avarçəkənimiz finalda

16:45 - 15 İyun 2015

200 metr məsafəyə yarışlara start verilib

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında 200 metr məsafəyə yarışlara start verilib.

 

Sportal.az xəbər verir ki, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 növ yarışda ilkin və yarımfinal mərhələləri keçirilir.

 

Qadınlar tək və cütlüklərin kayak, kişilər isə tək və cütlüklərin kayak yarışlarında finala vəsiqələr uğrunda mübarizə aparır. Həmçinin kişilərin tək kanoelərdə mübarizəsinə start verilib.

 

Azərbaycan avarçəkmə yığmasının əsas medal ümidi Valentin Demyanenko kanoeçilərin yarışında qüvvəsini sınayır. O, ilkin mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb. 38,978 saniyə nəticə göstərən kanoeçimiz 1-ci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.

 

Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna bütün rəqiblərini qabaqlayaraq, 2-ci yürüşün ən yaxşısı olub. O, 40,163 saniyəlik nəticə ilə finala yüksəlib. Təmsilçimiz mükafatlar uğrunda sabah saat 16:05-də mübarizə aparacaq.

 

Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edib. O, 36,298 saniyə nəticə ilə 7-ci olub. Lakin bu nəticə ona yarımfinala adlamağa imkan verib. Cavadov 16:40-da başlayacaq bu mərhələdə qüvvəsini sınayacaq.

Xəbər xətti