"Bakı-2015": Fəridə Əzizovadan gümüş, Harçeqanidən qızıl medal

22:47 - 18 İyun 2015

Taekvandoçularımızdan uğurlu gün
 
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondoçuların yarışında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, üçüncü oyun günündə biri kişi, digəri qadın olmaqla daha iki taekvondoçumuz mübarizəyə qoşulub.
 
Kişilərin yarışında Milad Beiqi Harçeqani qızıl, qadınlardan isə Fəridə Əzizova gümüş medal qazanıb.
 
Qeyd edək ki, ilk iki yarış günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
 
 
Kişilər, 80 kq
 
Yığmamızın üzvü Milad Beiqi Harçeqani mübarizəyə ilkin mərhələdən qoşulacaq. O, ilk görüşündə serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və 12:0 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə qarşılaşıb. Rəqibini 17:5 hesabı ilə məğlub edən Harçeqani yarımfinala yüksəlib. O, finala gedən yolda portuqaliyalı Julio Fereyra ilə üz-üzə gəlib. Rəqibinə 6:2 hesabı ilə qalib gələn təmsilçimiz finala adlayıb. Taekvondoçumuz qızıl medal uğrunda döyüşdə rusiyalı Albert Qaunla qarşılaşıb və idmançımız bu mübarizədən 9:4 hesabı ilə qalib ayrılıb.
 
 
Qadınlar, 67 kq
 
Qadınların yarışında ölkəmizi Fəridə Əzizova təmsil edir. O, ilkin mərhələdə hollandiyalı Yoyse Van Baarinlə qüvvəsini sınayıb. F.Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. Rəqibinə 6:2 hesabı ilə qalib gələn taekvondoçumuz yarımfinala adlayıb. F.Əzizova bu mərhələdə isveçli Elin Yohansonlə qarşılaşıb. Bu döyüşdən də qalib ayrılan (5:2) təmsilçimiz adını finala yazdırıb. O, həlledici görüşdə Rusiya idmançısı Anastasiya Barişnikova ilə üz-üzə gəlib və 5:6 hesabı ilə uduzub

Xəbər xətti