"Kəpəz"də növbəti görüş

20:32 - 19 İyun 2015

Azarkeşlərlə Müşahidə Şurası görüşdü
 
“Kəpəz” PFK-nın Müşahidə Şurası və klub rəhbərliyi görüşlər keçirməkdə davam edir.
 
Sportal.az xəbər verir ki, bu dəfə komandanın azarkeşləri ilə görüş baş tutub.
 
Gəncə şəhər stadionunda reallaşan yığıncağı giriş sözü ilə icraçı direktor Mehman Allahverdiyev açıb. “Kəpəz”in elitaya yüksəlməsi münasibəti ilə gəncəli fanatları təbrik edən klub rəsmisi görüləcək işlərlə bağlı danışıb. “İnanırıq ki, komanda Premyerliqada adına layiq çıxış edəcək və sizləri sevindirəcək” cümləsi ilə çıxışını tamamlayan Mehman müəllim sözü Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluna verib.
 
Çıxışına “Kəpəz” azarkeşlərinə göz aydınlığı verməklə başlayan Nərimanoğlu futbolsevərləri klubun ətrafında birləşməyə çağırıb:“Kluba dəstək vermək siz fanatların üzərinə düşür. Pis və yaxşı günündə əsl azarkeş komandanın yanında olmalıdır. Bu gün stadion problemi ilə bağlı “Kəpəz”in çempionatda “ev” oyunlarını Gəncədən kənarda keçirmək ehtimalı var. Amma şəhər rəhbərliyi bu problemi aradan qaldırmaq üçün bütün qüvvəsini səfərbər edib. İlk növbədə çalışıb Nizami yurdunda oynamalıyıq. Çünki futbol siz azarkeşlər üçündü”.
 
Müşahidə Şurasının üzvü stadionda fanklub üzvləri üçün xüsusi sektorların ayrılacağını və çılğın azarkeşlərin baraban, eyni zamanda klubun atributları ilə təmin olunacağını söyləyib.
 
Görüşdə iştirak edən qurumun digər üzvləri Müzəffər Qasımovla Müşfiq Cəfərov da “Kəpəz”in böyük azarkeş dəstəyi olacağına ümid etdiklərini vurğulayıb. Onlar futbolda azarkeş dəstəyinin mühümlüyünü qeyd etməklə, komandanı ayaqda saxlayan qüvvənin fanatlar olduğunu deyiblər.
Görüşdə söz alıb çıxış edən fanklub rəhbərləri və üzvləri isə hər zaman “Kəpəz”ə arxa olacaqlarını, komandanı istər stadionda, istərsə də ondan kənarda dəstəkləyəcəklərini bildiriblər.
 
Görüşün sonunda Müşahidə Şurasının üzvləri və klub rəsmiləri azarkeşlərlə birgə stadiona baxış keçiriblər. Arenada görüşdən xatirə qalacaq foto çəkilib.

Xəbər xətti