Qurbanovla iki illik müqavilə
Avstriya hazırlığını davam etdirən "Neftçi" PFK daha bir futbolçunu transfer edib.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Məhəmməd Qurbanov növbəti 2 ildə "Neftçi"nin şərəfini qoruyacaq. Futbolçu "ağ-qaralar"da 14 nömrəli formanı geyinəcək.
Məhəmməd Qurbanovun yığma komandadakı karyerası 2008-ci ildə başlayıb. Həmin ildə Azərbaycanın U-17 komandasına dəvət edilmiş futbolçu Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxıb. Sonralar U-19 və U-21 milli komandalarımıza çağırılmış futbolçu qitə miqyaslı yarışların iştirakçısı olub. Bu ildən isə Məhəmməd Qurbanov əsas milli komandaya dəvət edilib.
Klub karyerasına Rusiyada başlamış Məhəmməd Qurbanov "Rostov" və "Taqanroq" klublarının formasını geyinib. Ötən mövsüm isə futbolçu "Sumqayıt" klubunun heyətində meydana çıxıb. Oyunçu "Neftçi"yə keçidi ilə bağlı klubun rəsmi saytına danışıb.
"Neftçi" Azərbaycanın ən köklü klubudur. Təbii ki, hər bir futbolçu iddialı komandada oynamaq istəyər. Mən də istisna deyiləm. Çalışacağam ki, "Neftçi"də özümü ən yaxşı tərəfdən göstərim. Bu milli komanda karyerama da müsbət təsir edəcək. Qarşıda bizi yoxlama oyunları və ən əsası Avropa Liqası turniri gözləyir. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədlərə çatacağıq."
saytlarin hazirlanmasi