Millimizin baş məşqçisi: "Daxili çempionata ehtiyacımız var" MÜSAHİBƏ

12:58 - 25 İyun 2015

"Komanda şəklində səhv etmədik"

 

Dünən Avropa Oyunlarında çimərlik futbolu yarışlarına start verilib. Azərbaycan milli komandası da bu yarışda mübarizəyə başlayıb. Yığmamız ilk görüşdə Ukrayna komandası ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. Oyundan sonra komandamızın baş məşqçisi Xose Migel Mateus qafqazinfo-ya müsahibə verib.

 

Sportal.az müsahibəni təqdim edir.

 

- Oyun haqqında nə deyə bilərsiz?

- Gərgin və yaxşı matç oldu. Düzdü, rəqibə uduzduq. Amma hər dəfəsində hesab dəyişə bilərdi. Qol imkanlarımız var idi. Komanda şəklində səhv etmədik. Fərdi səhvlər üzündən bu oyunu uduzduq. 

 

- Hansı futbolçlardan razı, hansılardan narazı qaldınız?

- Bütün futbolçular mübarizə apardı. Onlardan razı qaldım. Bizim oyunçularımızın yüksək turnirlərdə mübarizə aparmağa ehtiyacı var. Komandamız B divizionunda çıxış edir. A divizionunda oynaması daha yaxşıdır. 

 

- Çimərlik futbolu üzrə ölkə çempionatının keçirilməməsi sizə nə dərəcədə təsir edir?

- Əlbəttə pis təsir edir. Bizim yaxşı daxili çempionata ehtiyacımız var. O zaman yeni futbolçular da seçib komandaya cəlb edə bilərik. Bu futbolçular üçün də rəqabət artacaq. 

 

- Qrupdan çıxmaq şanslarınız nə qədərdir?

- Bizim şansımız bugünki oyundakı qələbədən asılıdır. İsveçrəyə qarşı matçdan mütləq qalib ayrılmalıyıq. Burada Avropanın 7 ən güclü komandası çıxış edir. Bizə lazımdır ki, son 2 oyunu udaq.

 

- Oyundan qabaq komandanızı necə motivasiya etmişdiz?

- Mən onlara dedim ki, bu bizim üçün böyük oyundur. Ən böyük motivasiya isə ailələrimizin və azarkeşlərimizin burda olmasıdır. 

 

- Ukraynaya məğlubiyyət komandada ruh düşkünlüyü yaratdı. Bu futbolçuları növbəti oyunlara kökləyə biləcəksiz?

- Uduzmaq həmişə gərginlik yaradır. Əzmlə çalışıb növbəti oyunda daha yaxşı çıxış etmək lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərə də deyirəm ki, gəlib bizə inansınlar, dəstəkləsinlər və zövq alsınlar. Düşünürəm ki, hər şey yaxşı olacaq.

Xəbər xətti