Beş final, iki “qızıl” iddiasında
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər olacaq.
Sportal.az xəbər verir ki, kişi boksçular 7, qadın idmançılar 3 çəkidə mübarizəni davam etdirəcək.
10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçiriləcək. Aktivində 1 qızıl və 3 bürünc medal olan yığmamızın bu gün daha 8 boksçusu rinqə çıxacaq. Onlardan 5-i yarımfinal, 2-si isə final görüşündə qüvvəsini sınayacaq.
Kişilər
60 kq
Təcrübəli boksçumuz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkəcək. 1/4 finalda bolqarıstanlı Elian Dimitrovu mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolun son görüşünə saat 13.00-da çıxacaq.
69 kq
Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşəcək. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olacaq. Avropa çempionumuz rinqə saat 13.15-da çıxacaq.
75 kq
Millimizin aparıcı üzvlərindən Xaybula Musalov saat 14.15-də yarımfinal görüşünə çıxacaq. Boksçumuz Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirəcək.
91 kq
Azərbaycanın daha bir təmsilçisi Abdulqadir Abdullayev də bu gün finala vəsiqə qazanmağa çalışacaq. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovlə döyüşəcək. Qarşılaşma saat 14.30-da olacaq.
Final
52 kq
Boks yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandıra bilər. 23 yaşlı idmançımız həlledici döyüşdə özündən 8 yaş böyük olan italiyalı Vinçenzo Pikkardi ilə üz-üzə gələcək. Final qarşılaşması saat 18.45-ə təsadüf edəcək.
64 kq
Finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Lorenzo Sotomayoru həlledici görüşdə güclü rəqib gözləyir. O, London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayacaq. Həlledici döyüş saat 19.15-də baş tutacaq.
Qadınlar
60 kq
Bu çəkidə inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşacaq. Təmsilçimiz London Olimpiadasının qalibi Keti Teylorla döyüşəcək. İrlandiyalı boksçu ilə görüş 12.45-ə təsadüf edəcək.
saytlarin hazirlanmasi