Azərbaycan F-1 komandası yaradır

11:12 - 1 İyul 2015

Gələn ilki yarışlara daha bir ilk qatacaq

 

Azərbaycan gələn il Bakıda keçiriləcək "Formula 1" yarışlarına öz komandası ilə qatılacaq.

 

Sportal.az xəbər verir ki, bunu "F1Life.ru" portalı öz mənbələrinə istinadən yayıb. 

 

Mənbənin bildirdiyinə görə Azərbaycan ya F-1 komandalarından birinə sponsorluq etməklə və ya ümumiyyətlə milli komanda yaratmaqla gələn ilki yarışlara daha bir ilk qatacaq.

 

Sayt onu da qeyd edir ki, dünya şöhrətli yol arxitektoru German Tilkenin trasın layihələndirilməsi üçün dəvət edilməsi Azərbaycanın yarışlara ciddi hazırlaşmasından xəbər verir.

 

Qeyd edək ki, Bakıda “Formula 1” Qran-prisinin keçirilməsi üçün trassın hazırlanması üzrə işlər gələn həftədən başlayacaq. Bu barədə tanınmış arxitektor German Tilke bildirib. Tilke deyib ki, yolun bir hissəsi Bakının qədim küçələrindən (İçəri şəhər) keçəcək: “Biz qeyri adi bir şey ərsəyə gətiririk. Bu tras şəhərin qədim hissəsində olacaq”.

 

Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, yarışla bağlı Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. O bildirib ki, debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək. 

 

"Formula-1", yaxud F-1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdı. Rəsmi adı ingiliscə FIA Formula One World Championship sözlərindən götürülüb. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda "Formula 1" sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.

 

Hər il keçirilən "Formula 1" yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca "Grands Prix", yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.

Xəbər xətti