"Ancaq arxayınlaşmaq olmaz"
“Hazırkı “Qəbələ” mövsümü bürünc medalla bitirən komandadan fərqlənir. Ən azı ona görə ki, heyətimizdə böyük dəyişikliklər olub. Bəzi futbolçularımız getdi, yeni oyunçular gəldi. Ancaq məşqlərimiz əvvəlki səviyyədə davam edir”.
Sportal.az xəbər verir ki, bu fikirləri "Qəbələ İK" qəzetinə açıqlamasında ötən mövsümdə bombardirimiz olan Cavid Hüseynov deyib. 27 yaşlı yarımmüdafiəçi Ərzurumda keçirilən təlim-məşq toplanışının faydalı olduğunu və komandanın Avropa Liqasına yaxşı hazırlaşdığını bildirib:
“Yeni transferlərimiz məşqlərdə, yoxlama matçlarında yaxşı təsir bağışladılar. Ancaq onlara əsl qiyməti rəsmi matçlar verəcək. Avropa Liqasının ilk mərhələsində qarşılaşacağımız Tiflis “Dinamo”su zəif rəqib deyil, futbol ənənələri, böyük uğurları olan klubdur. Buna görə də, gürcülərlə sınağa ciddi hazırlaşmışıq. İstəyimiz “Dinamo”nu keçib, növbəti mərhələyə çıxmaqdır”.
“Dinamo”da heyətin böyük hissəsinin gənc futbolçulardan təşkil olunmasına toxunan Cavid rəqibi yaxşı təhlil etdiklərini də deyir: “Dinamo”nun heyəti, əsasən, gənc futbolçulardan qurulub. Gənclər olan yerdə bir qayda olaraq, fiziki hazırlıq ön plana çəkilir. Üstəlik, gürcü futbolçular həmişə texnikalı oyunla seçiliblər. Baş məşqçimiz rəqibi təhlil edərək, bizə məlumat verib. Onların zəif nöqtələrini araşdırıb, oyunu bunun üzərində quracağıq. İstənilən halda, Tiflis klubu keçiləsi rəqibdir. Mən “Dinamo”nu bizim üçün münasib rəqib sayıram. Ancaq arxayınlaşmaq olmaz, oyuna ciddi yanaşmaq lazımdır”.
Yeni kapitan ilk oyunu səfərdə keçirəcək “Qəbələ” üçün bunu üstünlük saymır. Ümumiyyətlə, təcrübəli futbolçu belə matçlarda ilk oyunu harada keçirməkdə fərq görmədiyini bildirib: “Doğrudur, futbolda belə qəbul olunub ki, ilk oyunu səfərdə keçirmək daha yaxşıdır. Bu da ona görədir ki, məsələn, səfərdə 1:2 hesabı ilə uduzub, evdə 1:0 qalib gəlsən, mərhələ keçmək olur. Ancaq şəxsən mənim üçün birinci matçı evdə, yoxsa səfərdə keçirməyin fərqi yoxdur”.
saytlarin hazirlanmasi