Qriqorçuk: "Biz hər oyunda 5:0 hesablı qələbə qazanmaq istəyirik"

19:24 - 8 İyul 2015

"Sabahkı matçda dəyişməli olduğumuz bir çox məqamlar var"
 
“Komandada hər şey qaydasındadır. İlk oyunumuzu analiz etdik. Sabahkı matçda dəyişməli olduğumuz bir çox məqamlar var. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Qələbəyə köklənmişik”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sabah Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Dinamo”ya qarşı baş tutacaq görüş öncəsi keçirdiyi mətbuat konfransında deyib.
 
Ukraynalı mütəxəssis erkən qol vurmağın elə də önəm daşımadığını bildirib: “Erkən qol daim fərqlənən tərəfə üstünlük verir. Qapısında qol görən isə bir qədər həyəcanlı olur. Sabah öz oyunumuzu nümayiş etdirməliyik. Bunun vacib amil olduğunu düşünmürəm. Biz hər oyunda 5:0 hesablı qələbə qazanmaq istəyirik. Amma hələ ki bunu reallaşdırmaq üçün tam hazır deyilik””.
 
Qriqorçuk hələlik sabahkı oyun üçün heyəti tam müəyyənləşdirmədiyini qeyd edib: “Sabahkı oyuna hansı heyətlə çıxacağımız hələ məlum deyil. Bunu sabah nahar vaxtı müəyyənləşdirəcəyik. İlk matçla müqayisədə heyətdə dəyişiklik mümkündür”.
 
Ukraynalı mütəxəssis komandalar arasında Tiflisdə baş tutan ilk oyunundan sonra yaşanan bayraq qalmaqalından futbolçularını motivasiya etmək üçün istifadə etməyəcəyini bildirib: “Belə şeylərə çox pis baxıram. Futbolçularımı hazırlayanda bundan istifadə etmək fikrim yoxdur. Futboldan kənarda yaşanan bü ür halları pisləyirəm. Klub rəhbərliyi əlindən gələni edəcək ki, sabahkı görüşdə hər hansı bir problem yaşanmasın”. (futbolxeber.az)

Xəbər xətti