"Biz hər zaman ali baş komandanın əmrindəyik"
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qоşunlarının Kоmandanı gеnеral-pоlkоvnik Еlçin Quliyеv “Sərhədçi” İdman Olimpiya Mərkəzinin üzvü olan və "Bakı-2015" I Avropa Oyunlarında iştirak etmiş məşqçi və idmançıları mükafatlandırıb.
Sportal.az xəbər verir ki, mükafatlandırılanlar arasında Güləş Federasiyasının sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudov da var.
Polkovnik-leytenant rütbəsi verilən Firdovsi Umudov öz ölkəsi, xalqı ilə fəxr etdiyini bildirib: “Mən hər zaman öz ölkəmlə fəxr edirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, belə bir müstəqil ölkədə yaşayırıq, fəxr edirəm ki, bu gün Azərbaycanın uğurlarından, inkişafından, iqtisadiyyatından, idmanından bütün dünya danışır, bütün dünya xəbərdardı. Mən vətənpərvər insanam, öz xalqımın, öz ölkəmin adının hər zaman yüksəklərdə olmasını istəyirəm. Bizim üçün sevindirici hal o oldu ki, cənab prezidentlə görüşdük, onun diqqəti bizim üçün həmişə önəmlidir. Bizi mükafatlandırdığına görə cənab prezidentimizə təşəkkür edirəm, bizə onun qayğısı, diqqəti həmişə əsas və önəmlidi. Və mən bir məşqçi kimi onu söyləmək istəyirəm ki, biz hər zaman ali baş komandanın əmrindəyik”.
Xatırladaq ki, Firdovsi Umudov 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb (Dünya güləş birliyi təltif edib). “Şöhrət” ordeni, prezidentin fəxri diplomu ilə təltif edilib və əməkdar məşqçidi.
saytlarin hazirlanmasi