Elmar Baxşıyev yenidən "Qəbələ"də

20:41 - 11 İyul 2015

Köməkçi məşqçi kimi

 

“Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Ramin Quliyevin köməkçisi və qapıçılarla işləyən məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifələri müvafiq olaraq, Elmar Baxşıyev və Vüqar Məmmədov icra edəcək.

 

“Qırmızı-qaralar”ın sabiq futbolçusu olan Baxşıyev komandanın məşqçilər korpusuna yeni təyin olunub. Məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan 35 yaşlı çalışdırıcı “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərəcək. Futbolçu karyerasını “qırmızı-qara” formada bitirən Baxşıyev 2012-ci ilin əvvəlində gəldiyi komandamızda 28 matç keçirib. Bu oyunlardan 9-u 2011/12, 19-u 2012/13 mövsümünə təsadüf edib. O, “Qəbələ”dəki bütün qarşılaşmaları Premyer Liqa çərçivəsində keçirib. Bunadək isə yarımmüdafiəçi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008) və “Neftçi”nin (2008-2011) şərəfini qoruyub. Baxşıyev Premyer Liqada 268 matçda 9 qol vurub. 2004-2009-cu illərdə Azərbaycan millisinin formasını geyən orta sahə oyunçusu 32 qarşılaşmada iştirak edib.

 

2005-ci ildən “Qəbələ”də çalışan Məmmədov isə əvəzedici komandada fəaliyyətini davam etdirəcək. 2013-cü ilin yayından əvəzedici komandanın çalışdırıcısı olan Məmmədov postunda qalıb. Futbolçu kimi “Kəpəz” (1985-1987, 1990-1995, 1996-2001), Bakı MOİK-i (1987-1990) və “Şəmkir” (1995-1996) klublarında çıxış edən 46 yaşlı Məmmədov 1994/1995 mövsümündə Azərbaycan çempionu, 1993/1994 mövsümündə kuboku qazanıb.

Xəbər xətti