"“Çukariçki” “Dinamo”dan güclüdür”
"Qəbələ” bu gun Avropa Liqasının II təsnifat mərhələsi cərcivəsində ilk oyununa cıxır. Komandamız Serbiyada, paytaxt Belqradın 19 kilometrliyində yerləşən kicik Çukaritse şəhərini təmsil edən “Cukariçki” komandası ilə qarşılaşır.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin avrokuboklarda doğma meydanda ilk qolunun müəllifi Asif Məmmədov oyun öncəsi fikirlərini "Qəbələ" İK qəzetinə bildirib:
“Qəbələ”də rəsmi debütüm uğurlu alındı. Əlbəttə, çox sevindiricidir ki, bu tarixi qola azərbaycanlı futbolçu imza atdı. Arif Daşdəmirovun hava ötürməsindən sonra topu baş zərbəsi ilə qapıdan keçirdim. Ola bilər, vaxtilə Ariflə “İnter” də birgə oynamağımız öz sözünü dedi. Güman edirəm ki, yenə də qollar vuracağam. Əvvəllər də, elə “İnter”in heyətində avrokuboklarda yaxşı çıxış etdiyim oyunlar olub. “Dinamo”yla matçı isə karyeramda ən uğurlu oyunlardan biri saymaq olar”.
29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa yaxşı hazırlaşdıqlarını bildirib. O, “İnter”də də komanda yoldaşı olduğu serbiyalı müdafiəçi Vojislav Stankoviçdən “Çukariçki” haqda məlumat aldıqlarını söyləyib: “Növbəti rəqibimizlə bağlı komanda yoldaşımız Stankoviçdən, cüzi də, olsa məlumat almışıq. Onun sözlərinə görə, “Çukariçki” yaxşı komandadır, hətta Tiflis “Dinamo”sundan güclüdür. Ümumiyyətlə, Serbiya futbolunun səviyyəsi bəllidir. Bu ölkənin futbolçuları adlı-sanlı Avropa klublarında top qovur”.
Məmmədov Serbiyada azarkeş dəstəyinin çox güclü olduğunu ön plana çəkib: “Buna görə də, bizi çətin sınaq gözləyir. “Çukariçki” tanınmış komanda olmasa da, hazırda Serbiyanın aparıcı klublarındandır. Serbiya çempionatında bürünc mükafata sahib olmaları və ölkə kubokunun finalında çempion “Partizan”a qalib gəlmələri rəqibimizin gücündən xəbər verir”.
Asif futbolçularımızın səfərdən yaxşı nəticə ilə qayıtmağa kökləndiklərini bildirib: “Komandamız son oyunda qalib gəlib. İndi bizdə özünəinam hissi çox güclüdür. Belqradda, ən azından, heç-heçə etməliyik. Ancaq səfərdə qalib gəlməyimiz lazımdır”.