Subaşiçlə Antiç "Qəbələ"yə azarkeşlik edəcək

14:23 - 16 İyul 2015

"Şansları bərabər sayıram"

 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Çukariçki” ilə qarşılaşmaq üçün Serbiyaya yollanan “Qəbələ”nin sabiq futbolçuları Branimir Subaşiçlə Milan Antiç “qırmızı-qaralar”ın düşərgəsində olub.

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçular sabiq komandalarına uğurlar arzulayıb və fikirlərini gabalafc.az-a açıqlayıb.

 

2010/11 mövsümündə “Qəbələ”də çıxış edən Subaşiç 21 matçda 2 qol vurub. Azərbaycan millisində də çıxış etmiş hücumçu qarşılaşma haqda danışıb:  “Çox sevinirəm ki, heyətində çıxış etdiyim “Qəbələ”ni Serbiyada görürəm. Sabiq komandamın rəqibi olan “Çukariçki” mənim yaşadığım evə ən yaxın yerləşən klubdu. Bu komanda son illərdə yüksəlib. “Çukariçki” heç də pis oynamır. İmkanlarına, təşkilati məsələlərə görə Serbiyanın 2-ci, 3-cü komandasıdı. Azərbaycanda çempionat avqustun əvvəlində başlayır. Serbiyada isə yarış bu həftə start götürəcək. Bu üzdən “Çukariçki” fiziki cəhətdən daha hazırlıqlı ola bilər. Amma mən “Qəbələ”nin oyununu görmüşəm. Sabiq komandam daha güclüdü. Əsas məsələ ilk oyunda qol buraxmamaq, imkan olsa vurmaqdı. Cavab oyununda “Qəbələ” evdə qalib gəlib mərhələ adlaya bilər. Şansları bərabər sayıram. Oyunda daha çox yaxşı futbola azarkeşlik edəcəyəm. “Qırmızı-qaralar” sabiq komandamdı, “Çukariçki” isə Serbiyanı təmsil edir. Yəqin ki, “Qəbələ”yə daha çox simpatiya bəsləyəcəyəm”.

 

2009/10 və 2010/11 mövsümlərində “Qəbələ”də çıxış edən Antiç də "qırmızı-qaralar"a azarkeşlik edəcək. Bu komandada 58 oyuna 6 qol vuran serbiyalı sabiq klubunu qrup mərhələsində oynamaq gücündə olduğunu düşünür: “Bu qarşılaşma mənim üçün çox maraqlı olacaq. Çünki komandaların sisteminə nəzər salsaq, hər iki klub ölkəsinin ən yaxşılarındandı. Hazırda “Çukariçki” “Partizan” və “Srvena Zvezda”dan daha yaxşı vəziyyətdədi. “Qəbələ” ilk oyunda qol vursa, növbəti mərhələyə yüksəlmək şansları böyük olacaq. Mən də daha çox sabiq komandamın mərhələ keçməsini istəyirəm. “Qəbələ”yə azarkeşlik edəcəyəm. Vaxtilə bu komandada çıxış etmişəm. Düşünürəm ki, “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər”.

Xəbər xətti