Süleymanovdan Cavid Hüseynovadək

15:28 - 16 İyul 2015

Avrokuboklarda ilk qol

 

Cavid Hüseynovun “Dinamo” - “Qəbələ” matçında vurduğu qol komandanın avrokuboklarda ilk qolu kimi tarixə düşüb.

 

Sportal.az xəbər verir ki, bununla da, “Qəbələ” Azərbaycanın qitəmiqyaslı turnirlərdə qol hesabını açan 14-cü klubu olub. Halbuki, “Qəbələ” avrokuboklarda debüt edən 17-ci Azərbaycan təmsilçisidir. Sadəcə, 3 komandaya “Turan”, “Şəfa” və “Simurq”a UEFA turnirlərinə qoşulduqları ilk mövsümdə rəqib qapısına yol tapmaq nəsib olmayıb. “Turan” avrokuboklarda ilk təmsilçimiz kimi tarixə düşsə də, qitə arenasında ilk qolun müəllifi “Kəpəz”in hücumçusu Yadigar Süleymanovdur.

 

Cavid Hüseynov Süleymanovla başlayan sıralamada 14-cüdür. Kapitan qol “pionerlər”indən həm də ona görə fərqlənir ki, o, Avropa Liqası turnirində öz komandasında rəqib qapısından top keçirən ilk futbolçudur. Məsələ bundadır ki, UEFA kuboku 2009-cu ildən başlayaraq Avropa Liqası adı ilə keçiriləndən sonra bu turnirdə debüt edən klublarımızdan heç biri qol hesabını açmayıb. Doğrudur, “Simurq” 2009/10 mövsümündə siftə edə bilərdi. Ancaq Zaqatala təmsilçisi İsrailin “Bney Yehuda” klubu ilə keçirdiyi hər iki matçda (evdə 0:1, səfərdə 0:3) uduzaraq bu imkanı əldən verdi.

 

Avrokuboklarda ilk qol müəllifləri

1. “Kəpəz” - Yadigar Suleymanov (1994/95 movsumu, UEFA kuboku, Avstriya “Austriya Memfis”lə səfər oyunu – 1:5)

2. “Neftci” – Vidadi Rzayev (1996/97, UEFA kuboku, Bolqarıstan “Lokomotiv”i ilə ev oyunu – 2:1)

3. “Xəzri” – Əfqan Talıbov (1996/97, UEFA kuboku, Polşa “Qutnik”i ilə ev oyunu – 2:2 )

4. “Qarabağ” – Bəxtiyar Musayev (1996/97, Finlandiya “MuPA-47”sı
ilə səfər oyunu – 1:1)

5. “Bakı fəhləsi” – Mahir Əliyev (1998/99, İntertoto kuboku, Litva
“İnkaras”ı ilə ev oyunu – 1:0)

6. “Dinamo” (indiki “Bakı”) – Nazim Əliyev (1998/99, UEFA kuboku,
Rumıniya “Arceş”i ilə səfər oyunu – 1:5)

7. “Viləş” – Aleksandr Xurtskevic (Belarus, 2000/01, UEFA kuboku, Polşa “Zaqlembe”si ilə ev oyunu – 1:3)

8. “Şəmkir” – Viktor Kulikov (Ukrayna, 2000/01, Cempionlar Liqası, Latviya “Skonto”su ilə səfər oyunu – 1:2)

9. “Xəzər Universiteti” (indiki “İnter”) – Patrik Pirxer (avtoqol, 2004/05, İntertoto kuboku, Avstriya “Kazino Şvarts”ı ilə ev oyunu – 2:1)

10. “Karvan” – Yuri Muzika (2005/06, İntertoto kuboku, Polşa “Lex”i ilə ev
oyunu – 1:2)

11. “Xəzər Lənkəran” – Zaur Ramazanov (2005/06, UEFA kuboku,
Moldova “Nistru”su ilə səfər oyunu – 1:3)

12. “MKT-Araz” – Marçel Reşitka (Moldova, 2006/07, İntertoto kuboku, Moldova “Tiraspol”u ilə ev oyunu – 1:0)

13. “Olimpik” – Roman Axalkatsi (Gürcüstan, 2008/09, UEFA kuboku,
Serbiya “Voyvodina”sı ilə ev oyunu – 1:1)

14. “Qəbələ” - Cavid Hüseynov (2015/16, Avropa Liqası, Gürcüstan
“Dinamo”su (Tiflis) ilə səfər oyunu – 1:2).

 

"Qəbələ" İK qəzeti

Xəbər xətti