"Bu, fanatların xarici ölkəyə ilk səfəri idi"
“Qəbələ”nin son iki ildə Premyer Liqanın mukafatcıları sırasına düşməsində ən sadiq azarkeşləri birləşdirən fan-klubun əməyi danılmazdır. Daim komandanın yanında olan “TuFAN klub”, əminik ki, əvvəlki illərdə olduğu kimi bu movsumdə də futbolcuları qələbələrə ruhlandırmaqda davam edəcək. Fan-klubumuz mövsumə ilklə start verib. Belə ki, “TuFAN Klub” uzvləri Gürcüstana səfər edərək, “Qəbələ”yə ilk dəfə ölkə hududlarından kənarda dəstək oldular.
Sportal.az xəbər verir ki, “TuFAN Klub”un rəhbəri Elvin Qurbanov qəzetimizə açıqlamasında fan-klub tarixində ilkə imza atdıqlarına görə çox sevindiklərini deyib: “Qəbələ” ikinci dəfədir avrokuboklarda çıxış etsə də, bu, fanatların xarici ölkəyə ilk səfəri idi. Bunu gerçəkləşdirdiyimizə görə
sevinirik. Bizə bu imkanı yaratdığına görə, ilk növbədə, klub rəhbərliyinə minnətdarıq. Gürcüstana səfər xərclərimiz klub tərəfindən ödənildi. Arzu edirik ki, gələcəkdə Avropaya da səfərimiz baş tutsun”.
Qurbanovun sözlərinə görə, Tiflis “Dinamo”sunun “Qəbələ”yə rəqib olması fanatlarımızın da ürəyincə olub: “Məsafəcə yaxın olduğundan Tiflisə çoxsaylı azarkeşlə səfər etdik və “Qəbələ”yə dəstək olduq. Fan-klub üzvləri matça 10 gün qalmış təşkilatlanmağa başladılar. Aramızda ümumvətəndaş pasportu olmayanlar da vardı. Onlar “Asan xidmət”in İsmayıllıdakı şöbəsindən pasport aldılar. Beləliklə, 100-ə yaxın fanat 2 avtobusla Tiflisə yollandı. Tiflisə minik avtomobilləri ilə gedənlər
də oldu”.
Fan-klub rəhbərinin sözlərinə görə səfər, ümumilikdə, təhlükəsiz keçsə də, azarkeşlərimiz müəyyən problemlərlə qarşılaşıblar: “Dinamo”nun nümayəndələri bizi qarşıladıqdan sonra polisin müşayiəti ilə stadionda yerləşdirdilər və təhlükəsizliyimizi təmin etdilər. Çıxanda polislər dəstəmizi əhatəyə aldılar və avtobusumuz şəhərdən çıxanadək bizi müşayiət etdilər. Bizə qarşı heç bir təzyiq olmadı. Üzləşdiyimiz yeganə problem matçın başa çatmasına 10-15 dəqiqə qalmış 2-ci mərtəbədən üstümüzə məşəl atılması oldu. Məşəl bayrağın kənarını deşdi. Geciksəydik, bayraq alışacaqdı. Bizi həm bu xoşagəlməz olay, həm də matçın nəticəsi məyus etdi”.
Boris Payçadze adına “Dinamo Arena”dakı atmosferə valeh olan Elvin meydan sahiblərinin qələbəsində azarkeş dəstəyinin böyük rol oynadığını dedi: “Rəqib də olsa qeyd etməliyəm ki, Tiflisdəki oyunda yerli azarkeş dəstəyi çox güclü idi. Amma komandamız qol vuranda susdular. Biz də 90 dəqiqə dayanmadıq, komandamızı durmadan dəstəklədik. Bizim olduğumuz tribunada “Qəbələ”, “Azərbaycan” sədaları yüksəlirdi. Arenada “Dinamo”nun 3 fan-klubu vardı. Ancaq heç biri ilə görüşümüz, yaxud söhbətimiz olmadı. Bildiyimə görə, Tiflisdəki məlum bayraq qalmaqalında “Dinamo”nun fan-klublarının əli yoxdur”.
saytlarin hazirlanmasi