Elmar Baxşıyev: "Mənə məşqçilik təklifi hələ ötən il olmuşdu"

11:30 - 18 İyul 2015

"Məşqçi işi elədir ki, gərək hər gün öyrənəsən"

 

“Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Ramin Quliyevin köməkçisi və qapıçılarla işləyən məşqçisi müəyyənləşib. Bu vəzifələri müvafiq olaraq, Elmar Baxşıyev və Vüqar Məmmədov icra edəcək. “Qırmızı-qaralar”ın sabiq futbolçusu olan Baxşıyev komandanın məşqçilər korpusuna yeni təyin olunub.

 

Sportal.az xəbər verir ki, məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan 35 yaşlı çalışdırıcı “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərəcək.

 

Futbolçu karyerasını “qırmızı-qara” formada bitirən Baxşıyev 2012-ci ilin əvvəlində gəldiyi "Qəbələ"də 28 matç keçirib. Bu oyunlardan 9-u 2011/12, 19-u 2012/13 mövsümünə təsadüf edib. O, “Qəbələ”dəki bütün qarşılaşmaları Premyer Liqa çərçivəsində keçirib. Bunadək isə yarımmüdafiəçi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008) və “Neftçi”nin (2008-2011) şərəfini qoruyub. Baxşıyev Premyer Liqada 268 matçda 9 qol vurub. 2004-2009-cu illərdə Azərbaycan millisinin formasını geyən orta sahə oyunçusu 32 qarşılaşmada iştirak edib.

 

2005-ci ildən “Qəbələ”də çalışan Məmmədov isə əvəzedici komandada fəaliyyətini davam etdirəcək. 2013-cü ilin yayından əvəzedici komandanın çalışdırıcısı olan Məmmədov postunda qalıb. Futbolçu kimi “Kəpəz” (1985-1987, 1990-1995, 1996-2001), Bakı MOİK-i (1987-1990) və “Şəmkir” (1995-1996) klublarında çıxış edən 46 yaşlı Məmmədov 1994/1995 mövsümündə Azərbaycan çempionu, 1993/1994 mövsümündə kuboku qazanıb.

 

“Qəbələ”yə qayıdışı ilə bağlı təəssüratlarını bizimlə bölüşən Baxşıyev hələ ötən il ona məşqçilik təklifi olunduğunu bildirib: “Ancaq həmin vaxt ailə vəziyyətimlə əlaqədar Qəbələyə gəlişim alınmadı. Qismət bu ilə imiş. Futbol Akademiyamızın direktor müavini Nail Kərimov mənə dəvət göndərdi. Mən də böyük məmnuniyyətlə bunu qəbul etdim. Hər halda, futbolçu karyeramı “Qəbələ”də bitirmişəm və bu klubda xoş təəssüratlarım olub. Üstəlik, baş məşqçi Ramin Quliyevlə bir yerdə oynamışıq, bir-birimizi yaxşı tanıyırıq”.

 

Artıq bir müddətdir yeni işinə başlayan 35 yaşlı çalışdırıcı ilk məqsədlərinin əsas komandaya futbolçu yetişdirmək olduğunu söyləyib: “Akademiyamızda potensialı olan oyunçular var. Biz də çalışacağıq ki, onların üzərində yaxşı işləyək. Bu zaman paralel olaraq nəticə də qazansaq, yaxşı olardı. Məşqçi işi elədir ki, gərək hər gün öyrənəsən. Biz gənc məşqçilər də bunu edirik. Əlbəttə, məşqçilik futbolçuluqdan daha çətindir. Çünki məşqçinin məsuliyyəti daha böyükdür”.

 

"Qəbələ" İK qəzeti

Xəbər xətti