"Açığı, bu növdə nəticə vermək cüdodan asandır"
“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub. Ancaq klub təmsilçilərimiz üçün ən ciddi sınaq, şübhəsiz ki, ötən ay keçirilən Bakı-2015 I Avropa Oyunları oldu. Tarixdə ilk dəfə keçirilən bu məsul turnirə 17 idmançı ilə qoşulan “Qəbələ” İK 5 medala sahib çıxdı. Mükafatların hamısı döyüş növlərində qazanıldı.
Sportal.az xəbər verir ki, klubun idmanın döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev "Qəbələ" İK qəzetinə müsahibəsində “Bakı-2015”də təmsilçilərimizin çıxışını dəyərləndirməklə yanaşı, qarşıdakı planlardan da söz açdı.
“Məhəmmədin böyük potensialı var”
- İlk Avropa Oyunları, ümumiyyətlə, ölkəmiz üçün uğurlu oldu. “Qəbələ” təmsilçilərindən 12-si döyüş növlərində qüvvəsini sınadı. İdmançılarımız ümidlərimizi doğrultdular. Onlardan 4 medal gözləyirdik, 5-ni qazandıq. Eyni zamanda çıxışlarından da razı qaldıq. Çünki nəticə qazanmaq üçün əllərindən gələni etdilər. Bəllidir ki, idman zədələrdən xali deyil. Məsələn, 74 kq-da samboçumuz Amil Qasımovun medalı qızıl ola bilərdi. Ancaq yarımfi nalda topuğu əzildiyindən həlledici görüşə gipslə çıxmışdı. Bu, güləşməyindən də hiss olunurdu. Qasımov final görüşündən sonra döşəkdən qalxa bilmədi.
- Bu yarışların gümüş mükafatçısı Vasif Səfərbəylinin çempion olmasına nə mane oldu?
- Samboda bütün çəkidə qızıl medalları Rusiya və Belarus idmançıları qazandılar. Üçüncü dövlətin himni səslənmədi. Vasifin çıxış etdiyi +100 kq-da çox güclü idmançılar mübarizə aparırdı. Potensialına görə, Səfərbəylinin üçlüyə düşəcəyini, daha dəqiq
desək, bürünc medal qazanacağını gözləyirdik. Buna görə də, Vasifin finala çıxmasının özü böyük uğurdur. Onunla bağlı gümanlarımızda yanılmadıq.
- Yeganə taekvondoçumuz, 17 yaşlı Məhəmməd Məhəmmədov medal qazanmağa çox yaxın olsa da, fəxri kürsünün bir addımlığında büdrədi. Bunda təcrübəsizlik öz sözünü dedi?
- Bu, idmandır, belə şeylər olur. Məhəmmədin böyük potensialı var, boyu çox yaxşıdır. O, gənclər arasında dünya çempionudur. Olimpiada səviyyəli yarış olan Avropa Oyunlarında debütü pis alınmadı. Hər halda, Məhəmmədov medal uğrunda döyüşdə uduzdu. Özü də rəqibi ondan çox da üstün deyildi. Məhəmməd cəmi 1 xalla yenildi. Bir sözlə, 17 yaşlı idmançımızın çıxışını uğurlu saymaq olar.
“Niyazi Əliyev yarımfi nal döyüşünə köklənə bilmədi”
- “Qəbələ” idmançılarından ilk medalları karateçilər qazandılar. Ancaq Rafael Ağayevdən fərqli olaraq, Niyazi Əliyevin qazancı
qızıl yox, bürünc oldu. Niyazinin çempion ola bilməməsinin səbəbini nədə görürsünüz?
- Rafael dünya karatesində lider olduğunu bir daha göstərdi. Ancaq Niyazidən də qızıl medal, ən azı, finalda döyüşəcəyini gözləyirdik. Çünki o da güclü karateçidir. Bilirsiniz, karateçilərimiz döyüşlərə, nədənsə, çox yüklənmiş vəziyyətədə çıxmışdılar. Bunu yığmanın məşqçiləri daha yaxşı bilərlər. Həmin gün Niyazinin günü olmadı, özünü toparlaya bilmədi. Bu, onun döyüşü deyildi.
- İş bundadır ki, Niyazi yarımfinalda məğlub olduğu türkiyəli Burak Uyğura bu ilin mart ayında, Avropa çempionatının finalında qalib
gəlmişdi.
- Doğrudur. Burak güclü olsa da, məğlubedilməz deyildi. Sadəcə, Əliyev həmin görüşə köklənə bilmədi, təzyiq altında idi. Ağayev isə qrup mərhələsində uduzsa da, çıxışında dönüş yarada bildi.
Ancaq Rafael də potensialını tam nümayiş etdirə bilmədi. Çempion olmaq onun Vətən qarşısında borcu idi və bunu da yerinə yetirdi.
- Ən inamlı çempionluq bütün döyüşlərdə parlaq qələbə qazanan boksçumuz Lorenzo Sotomayordan gəldi.
- Bəli. Təsadüfi deyil ki, əslən kubalı olan Lorenzo rəqiblərinə heç bir raundda uduzmadı. Sotomayor döyüşlərdə özünə o qədər inamlı idi ki, hakimlərə onun əleyhinə qərar verməyə zərrə qədər də olsun güman yeri qoymadı. Kuba boks məktəbi dünyada ən güclülərdəndir. Onlar soyuqqanlı, fərqli üslubda döyüş nümayiş etdirirlər. Lorenzoda da bunu gördük. Ondan medal gözləyirdik, ancaq qızıl bizim üçün xoş sürpriz oldu.
“Cüdoda nəticənin olmaması klubun problemi deyil”
- Cüdoçulara böyük ümidlər bəsləsək də, onlar da Azərbaycanın bu idman növündəki digər təmsilçiləri kimi uğursuz çıxış etdilər.
- Cüdo yaralı yerimizdi. Bu növdə nəticənin olmaması bizim idman klubunun problemi deyil, cüdo federasiyasında olan maddi problemlərlə bağlıdır. Ümumiyyətlə, Avropa Oyunlarında cüdo yarışları gərginliyinə görə digərlərindən fərqləndi. Çünki rəsmi Avropa çempionatı səviyyəsində mübarizə getdi. Bakıya ən güclülər gəlmişdi. Lakin bununla belə, nəticə olmalı idi. Çünki kişilərdə 7 çəkidən 3-də (60, 73 və 100 kq-da) Azərbaycan idmançıları dünya reytinqində ilk 2 pillədə qərarlaşıb. İki çəkidə - 60 kq-da Orxan Səfərov, 100 kq-da Elmar Qasımov dünya reytinqində 2-ci yerdədir. 73 kqda dünyanın ən güclücü Rüstəm Orucov Azərbaycandandır. Bu göstəricilərinə görə ölkəmiz “Bakı- 2015”in cüdo yarışlarında öz sözünü deməli idi. Dünya reytinqində 1-ci yerdə olan idmançı uduzursa, deməli, burda başqa səbəblər axtarmaq lazımdır.
- Cüdoda problemlərin mövcudluğu əvvəldən məlum idi. Bu, Avropa Oyunları ərəfəsində bədbin düşüncələrə əsas verirdimi?
- Xeyr. Özüm də cüdoçu olmuşam və bilirəm ki, bu idman növündə həmişə sabit nəticə göstərmək çətindir. Qadınlarda nəticə qazanmaq daha çətindir. Çünki bizim qızlar avropalı həmkarları ilə ayaqlaşa bilmirlər. Konkret təmsilçilərimizə gəlincə,
Kifayət Qasımovanın 6 ay öncə çiyni əzilmişdi. Bildiyimə görə qadın cüdoçular üçün sanballı təlim-məşq toplanışı da olmayıb. Bütün bunlar sonda sözünü dedi. Aişə Qurbanlı ilə Uşanqi Kokauri isə 1 mərhələ keçsələr də, hesabda irəlidə olduqları döyüşlərdə uduzdular.
- Sizcə, artıq 32 yaşı olan Kifayət Avropa Oyunlarından sonra özünü toparlaya biləcəkmi?
- Bunu zaman göstərəcək. Biz Kifayətə inanırıq. O, qarşıdakı turnirlərdə nəticə qazanmalıdır. Çünki reytinqdə çox geriləyib. İlk “14-liy”ə düşməlidir ki, 2016-cı il Rio Yay Olimpiya Oyunlarına
vəsiqə qazansın. Qasımova təcrübəli idmançıdır və hazırda öz üzərində işləyir.
“Klub prezidentinin mükafatçılarla görüşü olacaq”
- Klub rəhbərliyinin medal qazanmış idmançılarımızla
görüşü olacaqmı?
- Bəli. Bakıda klub prezidenti səviyyəsində görüş planlaşdırılıb. Əslində, bu, iyulun ilk həftəsində olmalı idi. Sadəcə, “Qəbələ”nin avrokuboklarda çıxışına görə görüş müəyyən müddətə təxirə salınıb. Həmin görüşdə Avropa Oyunlarında fərqlənən təmsilçilərimiz mükafatlandırılacaqlar.
- “Qəbələ” İK təmsilçilərini bu ilin sonunadək hansı yarışlar gözləyir?
- Bir qədər əvvəl, Bolqarıstanda yeniyetmə cüdoçuların Avropa çempionatında ilk qızıl medalı “Qəbələ” idmançısı Şəhanə Hacıyeva (40 kq) qazandı. Sentyabrda keçiriləcək gənclərin Avropa çempionatında ümidverici cüdoçularımız çıxış edəcəklər. İyulun sonunda yeniyetmələrin olimpiya həftəsində bir neçə idmançımızdan nəticə gözləyirik. Bu, iki ildən bir keçirilən, gənclərin Avropa çempionatından üstün yarışdır. Bu dəfə Tiflisdə baş tutacaq. Bu il boks üzrə dünya çempionatında, çox güman, Lorenzo Sotomayoru da rinqdə görəcəyik.
- Bəs fərdi yarışlarda hansı döyüşlər dəqiqləşib?
- MMA növündə təmsilçimiz Bəxtiyar Abbasovun iyulun 24-də Rusiyada, avqustun 9-da Yaponiyada güclü idmançılarla reytinq xarakterləri döyüşləri artıq təsdiqlənib. Kikboksçu Pərviz Abdullayev isə iyulun 18-də Çində döyüşməlidir. K-1-də çıxış edən peşəkar kikboksçu Zamiq Atakişiyevin iyulda döyüşü gözlənilir.
- Klub nəzdində son açılan sərbəst güləş bölməsinin genişləndirilməsi nəzərdə tutulub?
- Bəli. Gələcəkdə sərbəst güləş bölməmizi genişləndirməyi, peşəkar idmançıları dəvət etməyi planlaşdırırıq. Hazırda bu növdə Qəbələdə və Bakıda bölmələrimiz fəaliyyət göstərir. Üç pəhləvanımız respublika mükafatçısı oldu. Bu, hələ ki ən böyük uğurumuzdur. “Qəbələ”dəki 9 idman bölməsindən 4-ü olimpiya, 5-i qeyri-olimpiya növü üzrədir. Əsas strategiyamız Qəbələdə idmanın inkişafıdır. Qəbələli idmançılar arasında cüdo və boksda mükafatçılarımız olub. Yaxın gələcəkdə sərbəst güləş və taekvondoda olacaq. Qitəmiqyaslı yarışlarda mükafat qazanacaq idmançı yetişdirmək üçün vaxt lazımdır.
“Son vaxtlar işlə əlaqədar olaraq başım o qədər qarışıq olub ki... ”
- Avropa Oyunları başa çatan günün ertəsi - iyunun 29-da 35 yaşınız tamam oldu. Yəqin ki, idmançılarımızın qazandığı mükafatlar ad gününüzə ən yaxşı hədiyyə oldu...
- (Gülür) Son vaxtlar işlə əlaqədar başım o qədər qarışıq olub ki, ad günüm olduğunu az qala unutmuşdum. Əlbəttə, idmançılarımız hamımızı, o cümlədən, məni də sevindirdi. Yarışlar zamanı çox gərgin olur, medal uğrunda döyüşlərdə hətta mini-infakt keçirmək həddinə çatırdım.
- Özünüz də vaxtilə idmanla peşəkar səviyyədə məşğul olmusunuz. Hansı nəticələriniz olub?
- Mən cüdo və cui citsu ilə 2013-cü ilədək ümumilikdə, 9 il məşğul olmuşam. Açığı, cüdoda böyük nəticələrim olmayıb. Tələbələr arasında respublika çempionatında 3-cü olmuşam, daxili turnirlərdə fərqlənmişəm. Cui citsuda isə Rusiya və Tiflis açıq çempionatlarının qalibi, Zaqafqaziya çempionu, Şərqi Avropa çempionatının gümüş mükafatçısıyam. Açığı, bu növdə nəticə vermək cüdodan asandır. Bəlkə ona görə məndə alınıb.
- İdmançı həyatınızı tez - 23 yaşında bitirməyiniz nə ilə bağlıdır?
- Bu, ailə vəziyyətim və ali təhsilimi davam etdirmək istəyi ilə bağlı olub. Təhsilə əvvəldən xüsusi diqqət yetirmişəm. Bakı Dövlət Universitetinin bakalavrını və magistraturasını bitirmişəm. Hazırda Elmlər Akademiyasının doktoranturasında sonuncu – 3-cü kursda təhsil alıram. İnşallah, müdafiə edib, fəlsəfə doktoru elmi dərəcəsini alacağam.
saytlarin hazirlanmasi