"Günlərlə parkda yatdıq, amma bizə bilet çatmadı"
Avqustun 11-də UEFA Superkuboku çərçivəsində Tiflisin "Dinamo" stadionunda keçiriləcək "Barselona" - "Sevilya" matçının biletləri “qara bazar”da satılır.
Sportal.az xəbər verir ki, bunu Azadlıq Radiosuna Hüseyn Həsənov adlı azərbaycanlı futbol azarkeşi bildirib.
O, yazır ki, bilet satışı onlayn baş tutmayandan sonra Tiflisdə bir parkda qeydiyyat başlaması xəbərini alıb: “Xəbəri gecə aldım və dərhal ora getdim, bəlkə də 8 min adam vardı, qeydiyyata düşmək istəyirdilər. Adamları qeydiyyata almaq üçün qruplara böldülər, 82-ci qrupa düşdüm. Günlərlə parkda yatdıq, amma bizə bilet çatmadı. Dedilər ki, Gürcüstan Futbol Federasiyasi biletləri götürüb”.
Hüseyn Həsənov yazır ki, Azərbaycandan Tiflisə bilet almağa gələn onlarla adam var: “Bu qədər vaxtdır bir bilet üzünə həsrət qalmışıq”.
“Onlayn bilet sata bilməyən ölkə”
“Barselona”-“Sevilya” qarşılaşmasını stadionda canlı izləmək istəyənlərin sayı o qədər çox olub ki, biletləri onlayn satmaq cəhdi iki dəfə puça çıxıb. Bunu Gürcüstan Futbol Federasiyası bir neçə gün əvvəl açıqlayıb.
Biletlərin sayı məhduddur - 24 mindir. Amma oyuna canlı baxmaq üçün onlayn növbəyə duranlar 150 min nəfər olub. Bu da bilet satışıyla məşğul olan saytda texniki problemlərə yol açıb, -federasiya durumu belə izah etmişdi.
Azarkeşlər bilet alışıyla bağlı problemi yoluna qoymaq üçün Gürcüstanın Futbol Federasiyası qarşısında aksiya keçiriblər.
Federasiya iyunun 30-da UEFA-nın superkubok oyunlarına biletləri kassalarda satmağa qərar vermişdi. “Gürcüstan tarixə UEFA-nın superkubokuna onlayn bilet sata bilməyən ölkə kimi düşəcək”. Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava belə demişdi.
Federasiya rəhbəri bildirmişdi ki, bilet çapına bir neçə gün lazımdır. Bundan sonrasa oyuna kassadan bilet almaq istəyənlərin canlı növbəsi yaranacaq, - o, proqnozlaşdırmışdı.
“Mənə 150 dollara bilet təklif etdilər”
Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı deyir ki, azərbaycanlı dostlarının xahişi ilə stadionla evinin arasını su yoluna döndərsə də, hələ ki, ona da bilet almaq nəsib olmayıb: “Stadionun yanında mənə yaxınlaşıb aşağısı 150 dollara bilet təklif edənlər var. Maşınına mindiyim taksi sürücüləri də deyirlər ki, istəyirsənsə, futbola bilet təşkil edək. Fantastik qiymətlər var. Hətta yerindən asılı olaraq 350 avroya da bilet təklif edilir”.
Əfqan Muxtarlı deyir ki, “qara bazar” bu təklifi həm yerlilərə, həm də xaricilərə edir. Onun sözlərinə görə, Gürcüstanda əmək haqları elə yüksək olmasa da, yerli azarkeşlər əla və peşəkar oyunu izləmək üçün bir aylıq əmək haqqından da keçməyə hazırdırlar: “Federasiya da bunu bilir. Bundan istifadə etdilər. Məncə, oyun günü biletsiz qalan azarkeşlər ciddi etiraz edəcəklər”.
“Otellərdə, hostellərdə yer yoxdur”
Müsahibimiz deyir ki, onun azərbaycanlı tanışları arasında 150-200 dollara bilet alanlar olub: “Bilet onlayn satışda 15 laridən başlayırdı, 70 lariyə qədər. Bizim pulla təxminən 6 manatdan 30-35 manata qədər qiymət qoyulmuşdu. Bildiyim qədər, Azərbaycandan da futbolu izləməyə gələnlər çox olacaq. Bakıdakı dostlarım xahiş etmişdi ki, onlara uyğun yer tapım. Oyun olan günlər maraqlandığım otellərdə, hostellərdə boş yer tapmadım”.
“Avropaya yolun düşsə, mənə bilet al”
Əfqan Muxtarlı deyir ki, ancaq Avropada bilet satışında ciddi problem yaşanmayıb. Onun sözlərinə görə, bəzi azərbaycanlı tanışları bileti Avropa ölkələrindən aşağısı 10, ən bahası 50 avroya ala biliblər. Qaydaya görə, onlayn qeydiyyata düşüb, sonra bileti kassadan götürməlisən. Müsahibimiz deyir ki, artıq Gürcüstan Futbol Federasiyası 15 min biletin satılması barədə açıqlama verib: “Bu biletləri harda satıblar, necə satıblar, bir açıqlama verməyiblər. Gürcü mətbuatı da gecə-gündüz tənqid edir, amma hələ ki, ortada münasibət yoxdur”.
Hazırda Gürcüstan Futbol Federasiyası tətilə gedib. Federasiyanın qapısına da “biz tətildəyik” yazısı yazılıb. Buna görə də biletlərin “qara bazar”a çıxmasında federasiyanın da əli olması ilə bağlı səslənən ittihamlar cavabsız qalıb.
saytlarin hazirlanmasi