"Qəbələ"də yeni təyinatlar

10:34 - 21 İyul 2015

"Hər bir məşqçim işinin öhdəsindən gəlmək üçün..."

 

Yeni mövsumdə “Qəbələ” Futbol Akademiyasının komandalarında çalışacaq məşqçi heyətinə aydınlıq gəlib. Bu, mövsumun yekunları ilə bağlı akademiya rəhbərliyinin və işçi heyətinin iştirakı ilə keçirilən daxili iclasında açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə “Qəbələ İK”ya akademiyanın direktoru Stenli Brard məlumat verib.


Hər il olduğu kimi bu dəfə də məşqçi yerdəyişmələri klub və akademiya rəhbərliyi tərəfindən həyata keçirilib. Məqsəd məşqçilərə müxtəlif yaş qruplarından olan kollektivlərlə iş təcrübəsi qazandırmaq, eyni zamanda futbolçuların yeni məşq tərzləri ilə tanışlığına şərait yaratmaqdı. Bu, həm də, uşaqların müxtəlif futbol baxışları olan məşqçilərə uyğunlaşması baxımından vacibdi.


Akademiyada ən yuxarı yaş qrupu olan U-19 komandasını, ötən mövsümdə olduğu kimi, Hüseynqulu Quliyev çalışdıracaq. Xatırladaq ki, “Qəbələ”nin 19 yaşlılardan ibarət komandası ötən mövsüm Quliyevin başçılığı altında Azərbaycan çempionatının bürünc medalına sahib olub.


“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının hazırlığına görə bundan sonra Emin İmaməliyev məsuliyyət daşıyacaq. Ölkəmizin təcrübəli və titullu sabiq futbolçusu, Azərbaycan millisinin keçmiş üzvü olan İmaməliyev “Qəbələ” Futbol Akademiyasında ötən ildən çalışır. Gənc mütəxəssis məşqçi kimi ilk titulunu məhz “Qəbələ”də qazanıb. Ötən mövsüm akademiyanın 17 yaşlılardan ibarət komandasında çalışan İmaməliyev bu kollektivlə Azərbaycan çempionu və kubokun sahibi olub.


16 yaşlılardan ibarət kollektiv də veteran futbolçuya, karyerasının son illərini “Qəbələ”nin əsas komandasında çıxış etmiş Yaşar Abuzərovun ixtiyarına verilib. Xatırladaq ki, Yaşar ötən il 11 yaşlılardan ibarət komandaya başçılıq edib. 15 yaşlıların hazırlığı ilə futbolda olduğu kimi məşqçilikdə də sözünü demiş Xaqani Məmmədov məşğul olacaq. Yeri gəlmişkən, akademiyada hücumlarla işləyən məşqçi kimi çalışmağa başlayan Məmmədov rəhbərlik etdiyi U-14 kollektivi ilə ötən mövsüm “Bakcell U-14 Elit Kuboku”nun qalibi olmaqla yanaşı Azərbaycan çempionatının gümüş medallarını da qazanıb. Demək, gənc mütəxəssis ikinci il eyni kollektivlə çalışacaq.


“Qəbələ”nin 14 yaşlı futbolçularının hazırlığı gənc, lakin yetərincə təcrübəli mütəxəssis Famil Xəlilova həvalə edilib. Son bir neçə ildə “Qəbələ”nin 15, 16 və 17 yaşlılardan ibarət kollektivlərini çalışdıran Xəlilov müxtəlif titullara da sahibdi.


Əyalət təmsilçisinin U-13 komandası Ülfət Mədətovun ixtiyarına verilib. Ötənlərin təcrübəli futbolçusu və məşqçisi, həm də seleksiyaçı kimi akademiyaya fayda verən Məmmədov yeni mövsümdə də uğur üstünə uğur gətirməyə çalışacaq.


Akademiyanın ən titullu məşqçilərindən biri Zaur Hacıyev ötən mövsümdə olduğu kimi yenə 12 yaşlı futbolçularla çalışacaq. Futbol ilini çempionatın gümüş medalları ilə yekunlaşdıran Hacıyev yeni mövsümə daha iddialı başlayacaq. Daha aşağı yaş qruplarından olan komandalar - U-11 Namiq Əliyevin, U-10 Anar Surxayevin, U-9 Şəhriyar Kərimlinin, U-7 isə Turxan Umudlunun sərəncamına verilib.


U-17 komandasına başçılıq etmiş və mövsümü “qızıl dubl”la başa vurmuş Ramin Quliyev bundan sonra “Qəbələ”nin əvəzedici komandasını şalışdıracaq. Sahil Kərimov, Teymur Musayev, Oruc Quliyev və Elçin Rzazadə qapıçı məşqçiləri, Səhruz Mustafayevlə Sahil Nəcməddinov məşqçi kimi fəaliyyətlərini davam etdirəcəklər. Gənc mütəxəssis Sərdar Qafarov videoanaliz proqramını yönəldəcək.


Xatırladaq ki, “Qəbələ” Futbol Akademiyası ötən mövsüm 3 mütəxəssislə yollarını ayırıb. Bunlar qapıçı məşqçisi, türkiyəli mütəxəssis Uğur Kurt, U-15 komandasının sabiq məşqçisi Mehman Yunusov və hollandiyalı fizioterapevt Henk Şolinqdi.


Stenli Brard yeniliklə bağlı qısa açıqlamasında bunları deyib: “İstər akademiyanı tərk edən, istərsə də, yeni mövsümdən bizimlə çalışacaq mütəxəssislər peşəkardılar, onlara çox böyük hörmətim var. Onlara işlərində uğurlar arzulayıram. Hər bir məşqçim işinin öhdəsindən gəlmək üçün əllərindən gələni edir. Akademiya heyətinə növbəti mövsümdə uğurlar arzulayıram”.

Xəbər xətti