61 yaşlı klub
“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna II təsnifat mərhələsinin Litvada keçirilən “Trakai” (Litva) – “Apollon” (Kipr) oyunu aydınlıq gətirib. Rəqibini doğma Limasolda deyil, Larnakada qəbul edən “Apollon” ilk oyunda 4:0 hesabı ilə qalib gəlib. Kiprlilər səfərdə qolsuz heç-heçə ilə kifayətlənərək, “Qəbələ”yə rəqib olub.
Portuqaliyalı baş məşqçi Pedro Emmanuelin çalışdırdığı komanda ilə ilk oyununu “qırmızı-qaralar” səfərdə keçirəcək. Bu matç iyulun 30-da baş tutacaq. Avqustun 6-dakı cavab oyununda meydan sahibi isə “Qəbələ” olacaq.
1954-cü ildə yaranan bu komanda Limasol şəhərini təmsil edir. “Apollon” ev oyunlarını 13331 tamaşaçı tutumuna malik “Sirion stadium”da keçirir. Komandanın loqosundan da klubun adını daşıdığı Apollonun şəkli əks olunub. Klubun rəngləri isə Yunanıstan bayrağında əks olunan göy və ağdır. 1990/91, 1993/94 və 2005/06 mövsümlərində Kipr çempionu olan “Apollon” kubokda daha uğurlu çıxış edib. Limasollular 7 dəfə - 1965/66, 1966/67, 1985/86, 1991/92, 2000/01, 2009/10 və 2012/13 mövsümlərində ölkə kubokuna yiyələnib. 2006-cı ildə isə Kipr Superkuboku “Apollon”a nəsib olub. Bundan başqa, komanda 4 dəfə çempionatın gümüş medalını əldə edib, 7 dəfə kubokun finalında yenilib.
Avrokuboklarda 1986/87 mövsümündə debüt edən komanda ilk dəfə 1990/91 mövsümündə mərhələ adlayıb. 1996-cı ildə İntertoto kubokunda qrupa yüksələn “Apollon”un əsas uğurları son illərə təsadüf edib. Ardıcıl 2 dəfə Avropa Liqasının qrupunda oynayan komandamız 2013/14 mövsümündə Fransa “Nitsa”sı, 2014/15 mövsümündə Rusiya “Lokomotiv”ini pley-offda məğlub edərək, qrupa düşüb. İlk cəhddə 4 xalla 3-cü olan Limasol klubu ötən il 3 xalla 4-cü olub. “Apollon” 2014/15 mövsümündə Kipr çempionatının bürünc mükafatını qazanıb. Rəqibimiz çempion adını qazanan APOEL-dən 3 xal geri qalıb, yalnız əlavə göstəricilərdə gümüş qazana bilməyib.
saytlarin hazirlanmasi