Velosiped yarışı
Azərbaycan Velosiped İdmanı Federasiyası və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda "Məktəbli Kuboku" yarışı keçirilib.
Sportal.az xəbər verir ki, yarışda rayonun bütün məktəblərini təmsil edən və hər birinin tərkibində 4 velosipedçi olan 40 komanda mübarizə aparıb.
Reqlamentə görə, kollektivlər Heydər Əliyev Mərkəzinin qarşısından start götürməklə 1 km-lik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, İsmayıllı Olimpiya İdman Kompleksinin komandası bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2 saylı orta məktəbin komandası gümüş, 1 saylı orta məktəbin kollektivi isə bürünc medal əldə edib.
Mükafata layiq yerlər tutmuş komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər. Qeyd edək ki, ötən ilin dekabrından etibarən müxtəlif rayonlarda keçirilən "Məktəbli Kuboku" turnirləri bu ilin payızında təşkili planlaşdırılan ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.
saytlarin hazirlanmasi