"Qəbələ"dən 350-ci, Ürfan Abbasovdan 100-cü oyun
“Qəbələ” tarixinin 350-ci rəsmi matçını keçirib. Peşəkar klub kimi 2005-ci ildə qeydiyyatdan keçən komandamız üçün yubiley matçı UEFA Avropa Liqasına təsadüf edib.
Sportal.az klubun saytına istinadən yaydığı xəbərə görə, II təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyunu “qırmızı-qaralar”ın 350-ci matçı olub. 2:0 hesabı ilə qalib gələn “Qəbələ” 350 qarşılaşmadan 272-ni Premyer Liqa, 42-ni Azərbaycan kuboku, 30-nu I dəstə, 6-nı Avropa Liqasında keçirib. İlk matçı 2005-ci il sentyabrın 17-də baş tutan “Şərur”la I dəstə oyununa (8:0) təsadüf edən komandamız 10 ildə 151 qələbə qazanıb, 86 heç-heçə edib və 113 dəfə uduzub.
“Çukariçki” ilə görüş Ürfan Abbasov üçün də əlamətdar olub. 23 yaşlı müdafiəçi “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib. O, klub tarixində 100-ə çatan 3-cü futbolçudur. Dodo (131) və Viktor Mendidən (127) sonra buna nail olan Abbasov 100 və daha çox oyun keçirən ilk azərbaycanlı futbolçu olub. 2012-ci ilin əvvəlində “Qəbələ”yə transfer olunan müdafiəçi 3 il yarım ərzində 86 çempionat, 9 kubok və 5 avrokubok qarşılaşmasında iştirak edib.
“Çukariçki” ilə qarşılaşma 2 oyunçu üçün ilklə əlamətdar olub. Vojislav Stankoviç “Qəbələ”də debüt edib. O, 10 ildə “qırmızı-qara” forma geyən 191-ci futbolçudur. Vurduğu 2 qolla qələbədə pay sahibi olan Sergey Zenyov isə ilk dəfə rəqib qapısına yol tapıb. O, “Qəbələ”də qol sevinci yaşayan 95-ci oyunçudur.
Qeyd edək ki, Gürcüstan paytaxtı Tiflisin “Dinamo”sunun (1:2, 2:0) ardından Serbiya “Çukariçki”sini də (0:1, 2:0) mübarizədən kənarlaşdıran “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.
saytlarin hazirlanmasi