"Mən dubl etmişəmsə, matçın qəhrəmanı deyiləm"
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubunu mübarizədən kənarlaşdıran “Qəbələ” tarixində ilk dəfə 3-cü tura adlayıb.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın uğurunda cavab oyununda əldə olunan 2:0 hesablı qələbə həlledici olub. Əyalət təmsilçisinin hər iki qoluna imza atan Sergey Zenyov “Bakcell Arena”da baş tutan matç haqda fikirlərini klub saytı ilə bölüşüb:
“Növbəti mərhələyə yüksəlməyi çox istəyirdik. Çünki bu, klubun tarixində böyük uğur olacaqdı. Məsuliyyəti yaxşı başa düşürdük. Qələbə istəyimiz də böyük idi. Tamamilə matça köklənmişdik. Bu da qələbədə böyük rol oynadı. Sevinirəm ki, komandayla bu uğura nail olduq. Mən dubl etmişəmsə, matçın qəhrəmanı deyiləm. Futbolu 11 nəfər oynayır. Uğur da hamımızın qələbəsidi”.
“Qəbələ” 3-cü təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə qarşılaşacaq. Zenyov növbəti rəqib haqda da fikirlərini bildirib: “Bununla kifayətlənmək istəmirik. “Apollon”u da keçmək niyyətindəyik. “Çukariçki”dən fərqli, kiprlilər daha çox texnikalı oyuna üstünlük verir. Bu da heyətində braziliyalı və portuqaliyalıların çıxış etməsi ilə bağlıdı. Bizə belə oyun üslublu rəqib daha münasibdi”.