"Zirə" Türkiyə toplanışını məğlubiyyətlə başa vurdu

12:34 - 30 İyul 2015

Yoxlama matçı

 

“Zirə” Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vurdu.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda son yoxlama oyununda Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia” ilə qarşılaşdı.

 

Ötən mövsümü 6-cı sırada başa vuran rəqiblə oyuna start heyətində Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Ruslan Poladov, Sadiq Quliyev, Tərzin Cahangirov, Luis Alberto Tato, Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Nicat Qurbanov və Rihairo Muelnes çıxmışdılar. Zədə üzündən Rəşad Abdullayev, Aleksandr Şemonayev və Kamal Bayramov bu qarşılaşmada forma geyinməmişdi.

 

Oyunun əvvəllərindən “qartallar” daha üstün görünsələr də, qol gürcülərdən gəldi. Hesabda geri düşən komandamız yarım saatın tamamında daha bir dəfə mərkəzə dəvət olundu. Bu dəfə rəqib penaltini dəqiq yerinə yetirdi – 0-2. Hissənin sonları tamami ilə “qartallar”ın üstünlüyü şəraitində keçdi. Fasiələyə qədər hesab arasındakı fərqi minimuma endirmək də mümkün oldu. Daha əvvəl Tatonun yerinə yetirdiyi cərimə zərbəsi zamanı qola imkan verməyən gürcü qapıçı bu dəfə baxımlı qola mane ola bilmədi – 1-2. Qarşılaşmanın 2-ci hissəsinə çox yaxşı başlayan “Zirə” ardıcıl bir neçə epizodda qol imkanını əldən verdi. Tato isə dubla imza atmaq üçün yaxşı şansa malik idi. Ancaq ispaniyalı futbolçunun yerinə yetirdiyi penalti zərbəsini qapıçı dəf edə bildi. Ardından baş məşqçi Adil Şükürov aparıcı oyunçuları meydandan çıxararaq gəncləri mübarizəyə qoşdu. Ərazi üstünlüyü və topa daha çox sahib olan tərəf yenə də komandamız idi. Ancaq təcrübəsizlik öz sözünü dedi. İkinci hissədə çərçivə istiqamətində yalnız bir zərbə endirən rəqib elə həmin vuruşla fərqi artırdı. Oyun “Samtredia”nın 3-1 hesablı qələbəsi ilə başa çatdı.

 

Qeyd edək ki, Ərzurum toplanışını başa vuran “Zirə” bu gün vətənə dönür.

Xəbər xətti