"Bütün xəbərdarlıqlarımıza baxmayaraq..."
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” səfərdə "Apollon"la 1:1 bərabərə qalıb.
Qəbələ təmsilçisi bu qarşılaşmada baş verən hadislərələ bağlı klub saytından bəyanat yayıb. Sizi həmin mətnlə tanış edirik:
"UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilmiş “Apollon” – “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurub.
Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyini bildirdik. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqalları hər iki tərəfin nəzərinə çatdırdıq. Xatırladaq ki, komandamızın kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan – Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalıb.
Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşandı. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etirazımızı bildirdik və məsələyə müdaxilə etmələrini tələb etdik. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını aldı.
Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam etdi. “Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinmədilər.
Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən 06 avqust 2015 tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq".