“Bu, heç də ən yaxşı oyunumuz deyil”
“Kiprdə keçirilən ilk görüşdən razı qaldıq. Xüsusilə də nəticəni qənaətbəxş saymaq mümkündür. Hesab edirəm ki, buna yaxşı futbol nümayiş etdirməklə nail olduq”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay deyib.
Klub saytına açıqlama verən ukraynalı yarımmüdafiəçi “Apollon”la oyunları dəyərləndirib:
“Daha yaxşı oynaya bilərik. Çünki “Apollon”a qarşı nümayiş etdirdiyimiz futbol heç də ən yaxşı oyunumuz deyil. Hələ yaxşı oyunlarımız irəlidədir. Bu səfər matçı bizim Avropa Liqasında irəliləməyimiz üçün bir təkan olmalıdır”.
Avqustun 6-da Bakıda keçiriləcək cavab oyunu öncəsi şansları bərabər qiymətləndirən Qay “Qəbələ”nin mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlmək gücündə olduğunu düşünür:
“Apollon”la cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunda yaxşı nəticə əldə etsək də, şansları bərabər qiymətləndirirəm. Kiprdəki görüşdən sonra artıq hər iki komanda bir-birini daha yaxşı tanıyır. Bu üzdən də Bakıdakı matçda hər iki komanda üçün asan olmayacaq. Lakin evdə, azarkeşlərimizin önündə oynamağımız əlavə üstünlükdür. Düşünürəm ki, lazım olan nəticəni əldə edib, bu mərhələni də adlaya bilərik. Komandamız bunu bacarmalıdır”.
saytlarin hazirlanmasi