Apellyasiyaya şikayət edildi
Cavid Hüseynov barəsində seçilmiş həbs qərarından apellyasiya şikayəti verilib.
Sportal.az xəbər verir ki, bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, Səbail rayon Məhkəməsinin C. Hüseynov barəsində ötən gün çıxardığı qərardan bu gün apellyasiya şikayəti verilib. Onlar birinci instansiya məhkəməsinin çıxardığı qərarın ləğv olunmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş tədbirin dəyişdirilməsini istəyir.
Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Rəsmi məlumata görə, müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da rada vəfat edib.
İstintaq zamanı R.Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.
saytlarin hazirlanmasi