Sənan Qurbanov: "Qəbələ"nin öz oyun üslubu var və bunu rəqibə görə dəyişmir

17:13 - 20 Avqust 2015

"Qəbələ" bu mövsüm böyük sınaqlardan üzüağ çıxdı"

 

Xeyli müddətdir “Qəbələ”nin məşqçilər korpusunda yer alan və indiyədək “qırmızı-qaralar” da bir sıra məşqçilərin köməkçisi olan Sənan Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstan “Panatinaikos” klubu ilə çətin sınaq öncəsi “Qəbələ İK” qəzetinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı mütəxəssis komandanın Avroliqadakı mübarizəsindən, həm də yeni çempionata startından danışıb.

 

- Komandada pley-off mərhələsi oyunundan öncə ab-hava necədir?

- “Qəbələ” bu mövsüm böyük sınaqlardan üzüağ çıxdı. Bu da həm futbolçularda, həm də məşqçilərdə özünəinamı artırıb. Kollektivin “Panatinaikos”la çətin sınaqöncəsi çempionatda mübarizəyə başlaması, xüsusilə, ilk turda güclü "Qarabağ"la oynaması lap yerinə düşdü.

 

- Avropa Liqasında mübarizə apardığınız bir məqamda çempionatın da başlaması sizi əndişələndirmir ki?

- Əksinə, indiki məqamda bizə belə oyunlar lazım idi. Hətta mən “Qarabağ”ı Avroliqada qalib gəldiyimiz 3 rəqibdən güclü sayıram. Əsas odur ki, komandamız 10 nəfərlə qalsa da, xarakter göstərdi və azlıqda hesabı bərabərləşdirdi. Bu, bizim üçün ciddi imtahan idi. Baş məşqçinin müdafiədə, hücumda görmək istədiyi elementləri bu oyunda müşahidə edə bildik. Avroliqa oyunlarında yol verdiyimiz xətaları getdikcə azaldırıq. AZAL-la oyunda qazanılan qələbə isə “Panatinaikos”la həlledici matç ərəfəsində psixoloji durumun yaxşılaşması, əhval-ruhiyyənin yüksəlməsi baxımından vacib idi.

 

- Bu cür sıx qrafik komandaya necə təsir göstərir?

- Ardıcıl oyunlar onlara faydalıdır. Gözləmək olardı ki, Avroliqa oyunlarından sonra yaranan yorğunluğa görə futbolçular “Qarabağ”la matçda az hərəkətli olacaq. Ancaq əksinə oldu və bu, Roman Qriqorçuku sevindirdi. Mövsümün ortası, sonu olsaydı, yorğunluq, psixoloji gərginlik özünü göstərərdi. Ancaq mövsümə Avropa Liqasında uğurlu çıxışla başlamışıq. Ardıcıl qələbələr komandanı ruhlandırıb, daha da irəli getməyə stimul yaradıb. Ümumiyyətlə, avrokubok ab-havası tam başqadır. Bir rəqibi keçəndən sonra digərinə də üstün gəlmək istəyirsən. Bu zaman bir çox problemlər arxa plana keçir.

 

- Heyətlə bağlı itkilər uğurlu çıxışa mane ola bilərmi?

- Bu, doğrudan da, bizə müəyyən çətinliklər yaradır. Rəşad Sadiqov “Qarabağ”la oyunda qırmızı vərəqə görə 2 oyunluq cəza aldı. Yaxşı ki, digər mərkəz yarımmüdafiəçimiz Elvin Camalov etimadı doğruldur. O, Avropa Liqasında meydana çıxmasa da, ruhdan düşmədi və “Qarabağ” kimi rəqibə qarşı yaxşı futbol göstərdi. Baş məşqçimiz oyundan sonra Elvinin əlini sıxaraq xüsusi təşəkkür etdi. Qriqorçuk Camalovun çətinliklərə sinə gərməsinin yaxşı hal olduğunu qeyd etdi.

 

- Ümumiyyətlə, gənc futbolçular vacib oyunlarda komandaya kömək etməyə hazırdırlar?

- Onların hamısı inandığımız futbolçulardır. Gənclərə inanmasaydıq, bu gün bizimlə olmazdılar. Baş məşqçi də bu qənaətdədir ki, gənclərə güvənmək lazımdır. Eyni zamanda onlar da etimadı doğrultmalıdırlar. Şans nə vaxtsa onları tapacaq.

 

- Sergey Zenyov çempionat oyununda hücumun mərkəzində oynadı və bu, yaxşı effekt verdi.

- Doğrudur. Zenyov, istədiyimiz kimi, rəqib müdafiəsini tam gərginlikdə saxlayan hücumçudur. Yerində dayanan hücumçuya qarşı oynamaq rəqib müdafiəçilər üçün asan olur. Sergey isə hərəkətliliyi ilə seçilir. Bu çempionatda ilk qolumuzu da o vurdu. Hücumda müəyyən problemlərimiz vardı. Aleksey Antonovun oyun üslubumuza uyğunlaşması üçün vaxt lazım idi. Üstəlik, mövsüm boyu 1 mərkəz hücumçu ilə çıxış etmək çətindir. Buna görə Ermin Zetsi aldıq. Artıq ön xətdə seçim imkanımız artıb. Əminəm, hücumçularımız hələ öz sözlərini deyəcəklər.

 

- Yay transferlərdən Məhəmməd Mirzəbəyov da, nəhayət, debüt etdi.

- Mirzəbəyov da baş məşqçinin inandığı futbolçudur. Kimsə ehtiyatda qalırsa, bu, o demək deyil ki, oynamayacaq. Baş məşqçi sərəncamında olanların hamısına güvənir. Hamı da şans qazanacaq və Məhəmməd bunu bilirdi. “Qəbələ”də rəqabət artıb və hər mövqedə bir-birini əvəzləməyə layiqli futbolçular var. Mirzəbəyov sağlam rəqabəti görürdü. Məhəmmədlə eyni vaxtda komandaya gələn Arif Daşdəmirov, Samir Zərgərov və Asif Məmmədov bizim oyun üslubumuza bələddirlər. Üstəlik, bu 3 futbolçu vaxtilə “Qəbələ”də oynayıb. Yeri gəlmişkən, zədəli legionerlər - Rikardinyo ilə George Floresku artıq komanda ilə birgə “Panatinaikos”la matça hazırlaşırlar.

 

- Avropa Liqasındakı növbəti rəqib haqda hansı məlumata maliksiniz?

- Püşkdən dərhal sonra “Panatinaikos”la bağlı müəyyən məlumat toplasaq da, dərinə getmədik. Çünki məşqçi çempionat oyunu zamanı avrokuboku düşünürsə, istər-istəməz, daxili yarış ikinci plana düşür. Ona görə də AZAL-la matçadək “Panatinaikos”la bağlı ciddi təhlil aparmadıq. Təbii ki, “Panatinaikos” adlı-sanlı, köklü komandadır, avrokubok təcrübəsi böyükdür. Fiziki durumu yaxşı, sürətli futbol oynayan kollektivdir. Qriqorçukun gözəl sözü var. Deyir ki, bir şans varsa belə, onun üçün ölməyə hazır olmalısan. Fikrimcə, qrupa düşmək şansımız var və bundan istifadə etməyə çalışacağıq.

 

- Əvvəlki 3 mərhələdən fərqli olaraq, bu dəfə ilk oyun evdə baş tutacaq. Sizcə, bu amil mübarizənin gedişinə təsir göstərə bilərmi?

- Komandanın oyunu baxımından heç bir dəyişiklik olmayacaq. Baş məşqçimiz rəqibdən asılı olmayaraq, oyun üslubunu dəyişmir. “Qəbələ”nin öz oyun üslubu var və bunu rəqibə görə dəyişmir. Komanda şəklində həm hücum etməli, həm də müdafiə olunmalıyıq. Ona görə də, “Panatinaikos”la oyunda üslubumuzu dəyişməyəcəyik. Doğrudur, əksəriyyət bu fikirdədir ki, əvvəl səfərdə, sonda evdə oynamaq daha rahatdır. Həm də bu ardıcıllıq Avropa Liqasında bizə düşərli olub. Ancaq futbolda hər 2 oyun mübarizədən ibarətdir. “Qəbələ” həmişə - evdə də, səfərdə də qələbəyə oynayır.

Xəbər xətti