Çempionlar Liqasının finalçısı ilə üz-üzə

19:11 - 20 Avqust 2015

1 milyonluq azarkeş

 

Avropa Liqasında pley-off mərhələsinə yüksələn “Qəbələ” təkcə Yunanıstanın deyil, Avropanın adlı- sanlı klublarından birini Azərbaycana gətirir.

 

Sportal.az xəbər verir ki, Söhbət qitənin nəhəng komandaları sırasında yer alan, həmişə qitəmiqyaslı yarışların qrup mərhələsində görməyə adət etdiyimiz, UEFA-nın 100 ən güclüsü arasında olan “Panatinaikos”dan gedir.

 

1 milyonluq azarkeş

Avqustun 20-də Bakıda yerləşən “Bakcell Arena”da pley-off mərhələsininilk görüşündə “Qəbələ” qarşısına çıxacaq Afina təmsilçisi tarixi ənənələrə malikdir. “Bütün Afina” anlamını verən “Panatinaikos”un əsası 1908-ci ildə qoyulub. Komanda fəaliyyətdə olduğu 107 il ərzində həmişə Yunanıstanın yüksək divizionunda mübarizə aparıb. Başqa sözlə, “Panatinaikos” Superliqanı tərk etməyən 5 klubdan biridir. Təbii ki, “yaşıl-ağlar” bu müddətdə medallardan, kuboklardan ibarət muzey yaratmağı bacarıblar. Axı komandanın aktivində 20 dəfə Yunanıstan çempionluğu, 18 ölkə kuboku, 5 Superkubok, 17 dəfə Afina çempionluğu, Balkan çempionluğu və digər titullar var. Qeyri-rəsmi məlumatlara görə, “Panatinaikos”un 1 milyon ölkə daxilində və bir o qədər də dünyanın müxtəlif yerlərində azarkeşi var. Ancaq bu da var ki, azarkeşlərin sayına və titullarına görə afinalılar Pirey şəhərindən olan “Olimpiakos”dan geri qalırlar. Yunanıstanda bu iki komandanın görüşləri “əbədi düşmənlərin derbisi” adlandırılır. Ancaq fakt budur ki, “Panatinaikos” çoxdan Yunanıstanda brend kimi formalaşıb. Çünki klubun nəzdində, futbol da daxil olmaqla, 21 idman növü üzrə komanda fəaliyyət göstərir.

 

Ferents Puşkaşla finalda

 

“Panatinaikos” Yunanıstanın avrokuboklardakı ən uğurlu klubu sayılır. “Yaşıl-ağlar” Elladanın yeganə komandasıdır ki, qitəmiqyaslı turnirlərdə fi nalda oynamaq hüququna yiyələniblər. Bu, 1971-ci ildə Avropa Kubokunda (indiki Çempionlar Liqası) baş verib. Həmin vaxt əfsanəvi Ferens Puşkaşın rəhbərliyi ilə oynayan yunanlar həlledici qarşılaşmada Hollandiya “Ayaks”ına 0:2 hesabı ilə uduzublar. Bundan əlavə, bu komanda Çempionlar Liqasında yarımfinal, dəfələrlə 1/4 final həyəcanı yaşayıb. Həmçinin, “Panatinaikos” Yunanıstanın ilk və tək klubudur ki, Qitələrarası Kubokda qüvvəsini sınayıb. 1971-ci ildə “Ayaks”ın imtinasından sonra yarışda iştirak hüququ məhz yunanlara verilib. Ancaq Puşkaşın yetirmələri bu dəfə Uruqvayın “Nasional” klubu ilə
görüşlərdə tarixi şansı qaçırıblar (1:1; 1:2).

 

Ulduz futbolçu "Qəbələ"yə qarşı oynamayacaq

 

Hazırda komandanın baş məşqçisi Yannis Anastasiudur. Heyətdə yunanlar çoxluq təşkil etsə də, Xorvatiya, İspaniya, Almaniya, Portuqaliya, Nigeriya, Qana, Finlandiya, Danimarka, İsveç və İngiltərədən, ümumilikdə, 12 legionerə rast gəlmək mümkündür. Onların arasında ən tanınmışı “Çelsi”, “Real” (Madrid) və “Milan”ın keçmiş üzvü Maykl Essyendir. Lakin 33 yaşlı məşhur müdafiəçi zədə ucbatından nə Bakıda, nə də cavab görüşündə forma geyinəcək.

 

Yeri gəlmişkən, püşkə əsasən ilk oyun Yunanıstanda olmalı idi. Lakin Avroliqanın pley-off mərhələsində ölkəmizin digər təmsilçisi “Qarabağ” da ilk matçını səfərdə keçirəcəyindən, UEFA avqustun 20-də “Qəbələ”nin ev sahibi qismində çıxış etməsini tövsiyə edib. Cavab oyunu isə avqustun 27-də Afinanın 16 min tamaşaçı tutumuna malik Apostolos Nikolaidis adına stadionunda gerçəkləşəcək.

 

Avrokuboklarda uğursuz debüt

 

“Panatinaikos” Yunanıstan Superliqasında 2014/15 mövsümünü 66 xalla ikinci pillədə yekunlaşdırıb. “Yaşıl-ağlar” yalnız əzəli rəqibi “Olimpiakos”u özündən irəli buraxıb (78 xal). Bu il avrokuboklarda mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsində qoşulan Afina təmsilçisi uğursuzluğa düçar olub. Komanda Belçikanın “Brügge” klubu ilə 2 oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb – 2:1; 0:3. Ümid edək ki, bu uğursuzluğun davamı “Qəbələ” ilə oyunlarda gələcək və komandamız tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksələcək. Maraqlıdır, “Panatinaikos” ÇL-də mübarizəni dayandırdıqdan sonra Avroliqanın pley-off mərhələsinə qədər 2 həftə vaxt olduğunu və Yunanıstan Superliqasının hələ start götürmədiyini nəzərə alaraq (çempionat avqustun 22-də başlanır), “Qəbələ” ilə oyuna İspaniyada hazırlaşıb. Pireney yarımadasında qısamüddətli təlim-məşq toplanışında olan Yannis Anastasiunun komandası San-Sebastyan şəhərində yerli “Real Sosyedad”la yoldaşlıq görüşü də keçirib və 0:3 hesabı ilə uduzub.

 

"Qəbələ" İK qəzeti

Xəbər xətti