"Cavid Hüseynov mənəvi cəhətdən sarsıntı keçirir"

12:43 - 22 Avqust 2015

"Cavidin saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur"

 

Vəkili “Qəbələ” futbol klubunun sabiq futbolçusu Cavid Hüseynovla görüşüb. 

 

Sportal.az xəbər verir ki, bu haqda Modern.az saytına onun hüquqlarını müdafiə edən Adəm Məmmədov məlumat verib.

 

O qeyd edib ki, Cavidin səhhəti ilə bağlı hansısa şikayəti yoxdur: “Buna baxmayaraq, o mənəvi cəhətdən sarsıntı keçirir. Baş verənlər onun psixologiyasına mənfi təsir edib.

 

O, cəmi üç saat ərzində baş verənlərin həyatını alt-üst etməsinə inana bilmir. Çünki məsələdə zərrə qədər günahı olmadığını bildirir. Evində hər şeydən xəbərsiz oturduğu halda günahı olmadan hazırda günahkarlarla birlikdə həbsdə olmasını qəbul edə bilmir”.

 

Adəm Məmmədov deyib ki, Cavidin saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur.

 

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Sabayel rayon Məhkəməsi Cavid Hüseynovu həbs edib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.  Bakı Apelyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq oyunçusu Cavid Hüseynovun şikayəti üzrə keçirilən prosesdə onun vəsatəti təmin edilməyib.

Xəbər xətti