"Qəbələ" "Panatinaikos" üçün başladı

00:58 - 25 Avqust 2015

Komanda Yunanıstana sabah yollanacaq
 
“Qəbələ” Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) cavab oyununun hazırlığına start verib. 
 
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının III turunun “Kəpəz”lə avqustun 23-də baş tutan ev qarşılaşmasından (1:0) sonra hazırlıqlara fasilə verməyən “qırmızı-qaralar” ötən gün növbəti məşqinə çıxıb. 
 
Qəbələ şəhər stadionunda baş tutan çalışmada bütün futbolçular iştirak edib. Roman Qriqorçukun komandası isinmə hərəkətləri ilə başladığı məşqi toplu çalışmalarla davam etdirib. Komandanın növbəti məşqi bu gün baş tutacaq. Gündə bir dəfə hazırlıq keçən “qırmızı-qaralar” axşam çalışması ilə kifayətlənəcək. 
 
“Qəbələ” "pley-off"un cavab oyununun keçiriləcəyi Afinaya avqustun 26-da yollanacaq. Yunanıstana Qəbələdən birbaşa reyslə yollanacaq komanda avqustun 27-də baş tutacaq oyundan öncəki son məşqini Afinada keçirəcək.
 
Xatırladaq ki, “Qəbələ” səfər oyununa bir itki ilə çıxacaq. Əvvəlki qarşılaşmalarda 3 sarı vərəqə alan Rafael Santos cəzalı olduğundan komandaya kömək edə bilməyəcək.

Xəbər xətti