Yansenlə unudulmaz görüş

20:45 - 30 Sentyabr 2015

"Qəbələ"də xüsusi qonaq
 
Çoxlarının həsəd aparacağı sayda titulların sahibi, zəngin futbolçu və məşqçilik karyerası ilə Hollandiya futbolunu dünyaya, dünyaya isə özünü tanıtdıran qocaman mütəxəssis Vim Yansen Qəbələdə səfərdə olub.
 
Sportal.az "Qəbələ" İK qəzetinə istinadən xəbər verir ki, bütöv adı Vilhelmus Marinus Antoius Yansen olan mütəxəssis Azərbaycana həmyerlisi, “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brardın dəvəti ilə gəlib. Ünlü futbol adamı “Qəbələ” Futbol Akademiyası ilə tanışlıqdan sonra qurumun məşqçi heyəti ilə görüşüb və onlar üçün seminar keçib. Qonaq seminarın birinci hissəsində Hollandiya yığma komandasının oyun sistemi və bu sistemin hazırkı səviyyəyə çatması yolları barədə danışıb. İkinci hissədə isə o, məşqçilərin futbolda inkişaf imkanları, fərdi bacarığın artırılması, futbolçuların və məşqçilərin öz üzərlərində işləmək yolları barədə məlumat verib. Qocaman mütəxəssis eyni zamanda məşqçilərin ona ünvanladığı sualları cavablandırıb.
 
Seminarın sonunda gənc məşqçi Famil Xəlilov təqdimata və dəyərli məlumatlara görə Vim Yansenə akademiyanın adından təşəkkürünü bildirib və ona “Qəbələ” İdman Klubunun xatirə hədiyyələrini təqdim edib.
 
Ötən əsrin 70-ci illərində Hollandiya milli komandasının əsas fiqurlarından biri olmuş Vim Yansen futbolda klassik oyun anlayışının tərzini kökündən dəyişən “total futbol”un ən parlaq nümayəndələrindən sayılır. Hollandiya millisinin heyətində 65 oyun keçirən və 2 dəfə dünya çempionatının (1974/78) finalçısı olan Yansen 15 il davamlı olaraq, formasını geyindiyi “Feyenoord”la Avropa Çempionları Kubokunun (1969/70) və UEFA Kubokuna (1973/74) sahib çıxıb. 20 ildən artıq, baş məşqçilik də daxil olmaqla, “Feyenoord”da ən müxtəlif vəzifələrdə çalışan Vim Yansen hazırda bu klubda işini davam etdirir. Şotlandiya “Seltik”ində qazandığı uğurlara görə, 1998-ci ildə bu ölkədə ilin məşqçisi seçilib. O, mütəxəssis kimi Belçika, Yaponiya və Səudiyyə Ərəbistanında da çalışıb.

Xəbər xətti