"Sumqayıt"da rekord təkrarlandı

12:43 - 19 Oktyabr 2015

Qurbanova çatdı

 

Pərdis Fərcad-Azad “Sumqayıt”ın rekordunu təkrarlamaqla klubun tarixinə düşüb.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının VIII turunun “İnter”lə ev oyununda qol sevinci yaşayan 27 yaşlı hücumçu klubunun ölkə çempionatlarındakı ən yaxşı bombardiri adına şərik çıxıb. “Sumqayıt”ın heyətində Premyer Liqada 18-ci dəfə fərqlənən Pərdis bu göstəricidə Məhəmməd Qurbanova çatıb. Sonuncu artıq “Gənclik şəhəri” təmsilçisində çıxış etmədiyindən Fərcad-Azad rekordu yeniləmək imkanına malikdir.

 

Komandasındakı 66-cı oyunda buna nail olan Pərdisin orta məhsuldarlığı 0,273-ə bərabərdir. Cari mövsümdə 7 matçda ilk dəfə fərqlənən hücumçu qollarından 9-nu 2012/13 (23 oyun), 6-nı 2013/14 (24 oyun), 2-ni 2014/15 (12 oyun) mövsümlərində vurub.

 

“Sumqayıt”ın Premyer Liqada 3-cü bombardiri Orxan Əliyevin hesabında isə 14 top var.

Xəbər xətti