Çingiz Abdullayevin "Neftçi"nin kimlərlə oyuna göndərildiyindən xəbəri yoxdu?

20:40 - 19 Oktyabr 2015

"Neftçi"nin yarımfinalda qarşılaşdığı komanda...

 

Bu yaxınlarda "Neftçi"nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində keçirilən "Dəri top" turnirində iştirak etdi. "Ağ-qaralar"ın azyaşlılarının ölkəmizdən kənardakı turnirdə qalib gəlməsi hamını sevindirdi. Ancaq Bakı klubunun yetirmələrinin qarşılaşdığı rəqiblərə baxdıqda insanda sual yaranır. Görəsən "Neftçi"nin rəhbərliyi hər hansı komandasını ölkə xaricindəki turnirə göndərəndə orda hansı komandaların yarışdığıyla maraqlanır? Çox güman ki yox.

 

Çünki maraqlansaydılar, adıçəkilən turnirdə "ağ-qaralar"ın komandasının yarımfinalda və finalda qarşılaşdığı komandaların təmsil etdiyi ölkələrin Azərbaycan Respublikası tərəfindən tanınmadığını görərdilər. Belə ki, "Neftçi"nin yarımfinalda qarşılaşdığı komanda "Qudauta" Abxaziyanı, finalda məğlub etdiyi "Barsalan" isə Cənubi Osetiyanı təmsil edir ki, hər iki ərazi də Azərbaycan Respublikası tərəfindən tanınmır. Gürcüstanın bir parçası olan bu ərazilər nəinki ölkəmiz, hətta BMT (Birləşmiş Millətlər Təşkilatı) tərəfindən də tanınmır.

 

"Neftçi" isə bu komandalarla eyni turnirə təmsilçisini göndərməklə nəinki Gürcüstanın, həm də bu ölkəylə dostluq münasibətləri olan ölkəmizin də maraqlarını tapdalamış oldu. Nəzərə alaq ki, gürcülər kimi ölkəmizin də ərazisində separatçı rejim var. Bir düşünün, hər hansı Gürcüstan klubu qondarma Dağlıq Qarabağ rejiminin komandasıyla oynasa, buna ölkəmizdə münasibət necə olar? Heç şübhəsiz ki, mənfi.

 

Həmişə çıxışlarında ölkəmizdən kənarda Azərbaycanın maraqlarını qoruduğunu deyən, hətta ölkə daxilində "milli xain" axtarışına çıxan "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev rəhbərlik etdiyi klubun kimlərlə oyuna göndərildiyindən xəbəri yoxdu? Və ya xəbəri vardısa bu komandaların separatçı rejimləri təmsil etdiyini bilmirdi? Bəs sabah Gürcüstan təmsilçiləri qondarma "Dağlıq Qarabağ Respublika"sının komandasıyla oyun keçirsə, bunun cavabını kim verəcək? (komanda.az).

Xəbər xətti