"Qəbələ" "Borussiya" ilə oyunöncəsi azarkeş və jurnalistlərlə görüşdü VİDEO
21:41 - 19 Oktyabr 2015
Bir neçə futbolçu da tədbirdə iştirak edib
UEFA Avropa Liqasının qrup mərhələsinin oktyabrın 22-də keçiriləcək “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya) oyunu öncəsi "Qəbələ"nin üzvləri ilə media nümayəndələri və azarkeşlər arasında görüş keçirilib. Tədbir “Port Baku Mall”da yerləşən “Go Sport” İdman Malları Mağazasında baş tutub.
Sportal.az xəbər verir ki, görüşdə komandanın baş məşqçisi Roman Qriqorçuk, oyunçulardan Aleksey Qay, Ruslan Abışov və Aleksey Antonov iştirak ediblər. Futbol direktoru Toni Adams, klub rəsmiləri, köməkçi məşqçilər Mixaylo Savka, Sənan Qurbanov və Andrey Qluşenko, əvəzedici komandanın məşqçisi, sabiq futbolçu Elmar Baxşıyevin də qatıldığı tədbirə hücumçu Sergey Zenyov da təşrif buyurub. Tədbir iştirakçıları mağazanı gəzib, müştərilərə təklif olunan mallarla tanış olub. “Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov çıxış edərək görüş, həmçinin “Forma al, qalib ol” kampaniyası haqda məlumat verib. Ardınca media nümayəndələri və azarkeşlər arasında müsabiqələr keçirilib. Qriqorçuk, Qay, Abışov və Antonovla bağlı sualları tapan 8 qonaq – 4 azarkeş və 4 media nümayəndəsi klubun xüsusi hədiyyələri ilə mükafatlandırılıb. Eyni zamanda “Go Sport” İdman Malları Mağazası da qonaqlara 2 sualla müraciət edərək, qaliblərə mükafatlar təqdim edib. Bundan başqa, görüşdə iştirak edənlər futbolçularla şəkil çəkdiriblər.