Seriyanın davamı gələcəkmi?

10:55 - 20 Oktyabr 2015

Bakıda növbəti sınaq 

 

Oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində 3-cü oyununa çıxacaq “Qəbələ” komandası təkcə Avropanın deyil, hətta dünyanın ən güclü klublarından biri ilə qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, paytaxtımızın qonagı Almaniyanın ən titullu klublarından sayılan Dortmund “Borussiya”sı olacaq. Yeri gəlmiskən, bu, “qara-sarılar”ın Bakıya ikinci səfəri kimi yadda qalacaq.

 

“Borussiya"nın hegemonluğuna necə son qoyuldu?

 

Tarixə qısa ekskursiya edərək nəzərinizə çatdırım ki, 1909-cu ildə təsis edilən “Borussiya” Almaniya çempionatında 8 dəfə qızıl, 6 dəfə gümüş, 5 dəfə bürünc medal, eləcə də, 5 dəfə Superkubok qazanıb. Avrokuboklarda isə Dortmund təmsilçisi indiyədək 5 dəfə finalda oynayıb. 1966-cı ildə UEFA kubokunu, 1997-ci ildə Çempionlar Liqasının baş mükafatını əldə edən almanlar qalan 3 həlledici qarşılaşmadan məğlub ayrılıblar (ÇL 2012/13, Avroliqa 1992/93 və 2001/02 mövsümləri). “Borussiya” 1997-ci ildə Qitələrarası Kuboku da muzeyinə aparıb. Bu komandanın ən parlaq çıxışı 2008-15-ci illərdə baş məşqçi vəzifəsini daşımış Yurgen Kloppun (bir neçə gün öncə “Liverpul”la anlaşıb) dövrünə təsadüf edir. Onun rəhbərliyi ilə “qara-sarılar” Almaniyada rəqiblərini tar-mar edir, avrokuboklarda qələbələri sıralayırdılar. Ta 2013-cü ilə qədər. Həmin il təşəbbüsü əldən verən “Borussiya” mövsüm ərzində əzəli rəqibi “Bavariya”ya 3 dəfə (!) uduzdu (Superkubokda, Bundesliqada və ÇL-in finalında). Bununla da, dortmundluların çıxışında eniş başladı. Komandanın ötən mövsüm Bundesliqanı 7-ci pillədə bitirməsi isə Kloppun istefası ilə nəticələndi.

 

4 dünya çempionu, 2 türk, 1 erməni

 

Qeyd etdiyimiz kimi, “Borussiya” artıq bir dəfə Azərbaycana səfər edib. Bu, 2010/11 mövsümündə Avroliqanın pley-off mərhələsində gerçəkləşib. Həmin vaxt “Qarabağ”la qüvvəsini sınayan “qara-sarılar” Almaniyada keçirilən ilk matçda 4:0 hesabı ilə qalib gəliblər. 2010-cu il avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən ikinci oyunda da almanlar qələbə qazanıblar. Yeganə qolu uzatma dəqiqələrində Barrios vurub. Bu dəfə isə “Borussiya” ölkəmizə yenilənmiş məşqçi və futbolçu heyəti ilə təşrif buyuracaq. Yurgen Kloppu bu ilin mayında əvəzləyən Tomas Tuxelin sərəncamında 4 dünya çempionu var. Belə ki, qapıçı Roman Vaydenfeller, müdafiəçilər Mats Hummels, Mattias Qinter və Erik Durm ötən il Braziliyada keçirilmiş dünya çempionatının qalibidir. Bu siyahını artırmaq da olardı, əgər mundial öncəsi dortmundluların aparıcı üzvü Marko Roys zədələnməsəydi. “Borussiya”nın heyətində 2 türk və 1 erməni futbolçu da yer alır. Düzdür, Nuri Şahindən fərqli olaraq, İlkay Gündoğan Almaniya vətəndaşıdır. Ermənistanlı Henrik Mxitaryan isə 2013-cü ildə “Şaxtyor”dan transfer olunub.

 

650 rəsmi fan klub

 

Yəqin ki, “Bakcell Arena”da keçiriləcək oyunda “Borussiya” dəstəksiz qalmayacaq. Bu məqsədlə Bakıya xeyli alman fanatın gələcəyi gözlənilir. Axı “Borussiya” Avropanın ən çox azarkeşə malik klublarından hesab olunur. Dünyanın müxtəlif yerlərində Dortmund təmsilçisinin, nə az nə çox, 650(!) rəsmi fan klubu var ki, onların da üzvlərinin sayı 25 mindən artıqdır. Klub hər il stadiona giriş üçün 45 mindən artıq abunə satır. Bu rəqəm 2009-cu ildə, klubun 100 illik yubileyi ərəfəsində rekord göstəriciyə – 50 675-ə çatıb. Deməli, paytaxtımızda da “Borussiya”nın sadiq azarkeşlərini görmək mümkün olacaq.

 

Seriyanın davamı gələcəkmi?

 

“Borussiya” hazırda Avroliqanın C qrupunun lideridir. Qrup mərhələsinə qədər Avstriyanın “Volfsberq” (1:0, 5:0) və Norveçin “Odd” (4:3, 7:2) klublarını darmadağın edən “qara-sarılar” qrup mərhələsində böyük çətinliklə xal qazanır. Bunu almanların ilk turda “Krasnodar”la görüşün 90+3-cü dəqiqəsində vurduqları qol və ötən tur PAOK-la matçın final fitinə 18 dəqiqə qalmış məğlubiyyətdən qurtulmaqları söyləməyə əsas verir. Almaniya Bundesliqasında da yaxşı start götürən, 5 oyunda 5 qələbə qazanan Tomas Tuxelin yetirmələri son 3 turda 2 xalla razılaşıblar.
Bu, azmış kimi, komanda Bundesliqanın VIII turunda “Bavariya”dan sarsıdıcı zərbə alıb – 1:5. Ümid edirik ki, dortmundlular növbəti belə zərbə ilə “Qəbələ” ilə matçda üzləşəcəklər. Axı Avroliqada sabit oyun göstərən komandamız son 5 ev matçında nə uduzur, nə də qol buraxır. İnanırıq ki, Roman Qriqorçukun rəhbərliyi altında seriyanın davamını gətirəcəyik.

 

"Qəbələ İK" qəzeti

Xəbər xətti