"Optima" məni tam qane edir"
"Kəpəz"in kapitanı Tural Axundov klubun saytına avtomobillərə, dəbə, kinoya olan marağından danışıb.
Sportal.az klub saytının Axundovu "Tam sərbəst" rubrikası adı altında danışdırdığı yazını təqdim edir.
Avtomobil dünyası
"Şəxsi avtomobilim var. Ümumiyyətlə, avtomobillərə marağım, həvəsim böyükdü. Məktəbdə oxuduğum vaxtlardan maşına sevgim olub. Sürücülük vəsiqəm yox idi, amma sürməyi bacarırdım. 18 yaşım tamam olanda sürücülük vəsiqəsi aldım. Hazırda Kia "Optima" markasından avtomobil sürürəm. Bu, ikinci maşınımdı, üç ildi məndədi. Bundan əvvəl BMW idarə etmişəm. Hər ikisini də öz pulumla, futboldan qazandıqlarımla almışam. Avtomobilimi dəyişmək fikrim yoxdu, "Optima" məni tam qane edir".
Dəb aləmi
"Dəblə geyinməyi xoşlayıram, klassik geyimlərə üstünlük verirəm. Düzdü, bəziləri deyə bilər ki, futbolçular əsasən idman üslubunda geyinirlər. Amma mənə klassik üslubda geyinmək rahatdı. Məşqdən və oyunlardan sonra idman geyimlərini çıxarıram, odu ki, məni ancaq klassik geyimlərdə görə bilərsiz. Razıyam ki, idman üslubu daha rahatdı, lakin dediyim kimi, özümə daha çox klassik geyimləri yaraşdırıram. Xoşuma gələn paltar bahalı olsa belə, alıb geyinirəm. Nə qədər xərclədiyimi deyə bilmərəm, saymamışam. Təxminən orta rəqəmdi (gülür)".
Peşə seçimi
"(xeyli düşünür) Maşınlara marağım var, amma avtomobil ustası olmazdım. Evdəkilər məni həkim görməyi arzulayıb, bu sahəyə meyl etməyimi istəyiblər. Məktəbdə dərslərimi yaxşı oxumuşam, 4 və 5 qiymətləri almışam. Futbolla peşəkar şəkildə məşğul olandan sonra isə dərslər arxa plana keçdi (gülür). Son nəticədə futbolu seçdim".
Kinomaniya
"Düzünü desəm, kinoya marağım elə də çox deyil, əsasən futbol matçlarına baxmağa üstünlük verirəm. Lakin yeri gələndə bədii filmlərə də baxıram. Xarici filmlər cəlbedicidi. Boevik janrında olan kinolara tamaşa edirəm. ABŞ istehsalı olan filmlər daha maraqlıdı. Əsasən Van Dizelin çəkildiyi kinoları seyr edirəm. Xüsusən də, onun iştirakı ilə "Forsaj" filmlər seriyası xoşuma gəlir. Van Dizelin filmdəki əsas tərəf müqabili Pol Uoker avtomobil qəzasında həlak olanda çox pis oldum. İstəməzdim ki, bundan sonra filmlər onsuz çəkilsin. Bu ikili birlikdə kinoya əlavə maraq qatırdı".
saytlarin hazirlanmasi