"Futbolu azarkeşlər üçün oynayırıq"
“Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki qələbə qazanaq”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Samir Zərgərov deyib.
Klubun rəsmi saytına açıqlama verən yarımmüdafiəçi Topaz Premyer Liqasının XIII turunun bu gün “Sumqayıt”la səfərdə keçiriləcək oyunu barədə fikirlərini bildirib: “Son 4 turda qalib gələ bilməmişik ki, bu seriyanı da səfərdə qırmaq üçün bütün bacarığımızı meydanda qoyacağıq. “Sumqayıt” neçə ildir Premyer Liqada çıxış edir. Komandanın yüksək liqa təcrübəsi var. Tanıdığımız futbolçulardan təşkil olunan rəqibimiz çox yaxşı komandadır. “Sumqayıt” istənilən rəqibi məğlub etmək gücündədir. Bu üzdən də onlarla qarşılaşmaya çox ciddi hazırlaşmışıq. Çalışacağıq ki, səfərdə 3 xal qazanaq”.
Zərgərov Premyer Liqanın arxada qalan 12 turunu dəyərləndirərək, “Qəbələ”nin mövsümün ilk 1/3 hissəsindəki çıxışını qiymətləndirib: “Mövsümün arxada qalan hissəsində komandamızda yüksəliş də oldu. Çempionata yaxşı başlayıb, xallar qazandıq. Lakin son 4 oyunda bəxtimiz gətirmədi. Daha çox qələbə qazana bilərdik. Qələbə qazana bilmədiyimiz son 4 görüşdə çox hücum etsək də qol vura bilmirdik. Çalışacağıq ki, hücumu məntiqi sonluğa çatdırmaqla bağlı çatışmazlığı da aradan qaldıraq. Düşünürəm ki, hesabımızda daha çox xal olmalı idi. Çünki qalib gəlməli olduğumuz matçlarda xal itkiləri ilə üzləşdik. İndi çalışmalıyıq ki, bacardığımız qədər uğurlu çıxış edib xal itirməyək. Çempionluq uğrunda mübarizə aparmaq üçün xal itirməməyə çalışmalıyıq ki, liderlə fərqi də aradan qaldıraq. Bu 12 turda mənim nümayiş etdirdiyim oyuna isə kənardan qiymət versələr yaxşı olar. Bu üzdən öz oyunumu dəyərləndirmək istəmirəm”.
Yarımmüdafiəçi “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində keçirəcəyi son iki matç haqda fikirlərini açıqlayıb. O bildirib ki, gələn həftə keçiriləcək PAOK-la Yunanıstandakı qarşılaşma və Rusiya “Krasnodar”ı ilə dekabrın 10-dakı görüşlərdə komandanın hədəfi qələbədir: “Avropa Liqasında şanslarımız öz əlimizdə deyil. Biz hər iki oyunda qalib gəlsək belə “Borussiya” da “Krasnodar”ı məğlub etməlidir. Bu qarşılaşmalarda qalib gəlmək istəyirik ki, Dortmund klubunun qələbəsi xeyrimizə olsun. Ən əsası öz matçlarımızı udmalıyıq”.
Qrup mərhələsinin son oyunu Samir üçün əlamətdar olub. Zərgərov “Borussiya” ilə Dortmunddakı görüşdə 100-cü dəfə “qırmızı-qara” forma geyinib. Dodo, Viktor Mendi və Ürfan Abbasovdan sonra buna nail olan 4-cü oyunçu kimi klub tarixinə düşən yarımmüdafiəçi bu rəqəmi 101-ə də çatdırıb: “Futbolçuya hər klubda 100 oyun keçirmək nəsib olmur. Bu, o qədər də asan deyil. “Qəbələ” kimi bir klubda 100-ü arxada qoyduğum üçün çox sevinirəm. Bu, mənim üçün böyük fəxrdi. Bu rəqəmi neçəyə çatdırmağım qismətdən asılıdır. Nə qədər bacarıramsa o qədər oynayacağam ki, klubun tarixində qalım”.
Zərgərov “Qəbələ”də keçirdiyi 101 oyun arasında ən yaddaqalan matç və qolunu da xatırlayıb: “Bu müddətdə ən yaddaqalan oyunum Yunanıstan “Panatinaikos”unu keçib qrupa düşməyimizdir. Fikrimcə, bu klub tarixinin ən əlamətdar oyunudur. 2008-ci ilin matçında kubokun 2007/08 mövsümünün 1/4 finalında “Bakı”ya vurduğun qolu unutmamışam. Bu, mənim “Qəbələ”də ən yaddaqalan qolumdur. 7 il öncə səfər oyununda qol vurdum. Həmin matç da, cavab oyunu da 1:1 hesabı ilə nəticələndi. Penaltilər seriyasında qalib gəlib, yarımfinala çıxdıq. 4:3 hesabı ilə qalib gəldiyimiz seriyada da zərbələrdən birini mən dəqiq vurdum”.
Bu ilin yayında “Qəbələ”yə qayıdan Samir 2006-2009-cu illərdə də klubumuzun formasını geyinib. 9 il əvvəl Premyer Liqada debüt edən “qırmızı-qaralar”ın heyətinə qatılan futbolçu həmin illəri yada salıb: “Kluba keçdiyim 2006-cı ili indiyədək yaxşı xatırlayıram. O vaxtkı baş məşqçi Faiq Cabbarov məni “Ədliyyə”dən dəvət etmişdi. 2009-cu ildə “Stadard”a keçənədək 3 il “Qəbələ”nin şərəfini qorudum. Xeyli müddət keçsə də, o dövrü xatırlayıram. Gənc oyunçu idim. Klub özü də yeni yaranmışdı. Yaxşı oyunlarımız da olurdu, alınmayan matçlarımız da. Təbii ki, formalaşmaqda olan klub indiki kimi deyildi. Çünki istənilən kluba daha yüksək səviyyəyə çatmaq üçün müəyyən dövr lazımdır. Amma həmin vaxtda kifayət qədər yaxşı oyunlarımız oldu. 3 il ərzində iki dəfə ölkə kubokunun yarımfinalına yüksəlsək də, avrokuboklara vəsiqə qazana bilmirdik. Düşünürəm ki, həmin vaxt komandanın potensialı da elə buna uyğun idi. İndiki komanda isə daha böyük potensiala malikdir”.
Son illərdə sağ cinah yarımmüdafiəçisi kimi çıxış edən Zərgərov “Qəbələ”də oynadığı 2006-2009-cu illərdə fərqli mövqelərdə mübarizə aparıb: “Həmin vaxt məşqçi hansı mövqeyə istəsə, orada çıxış edirdim. Hücumda da, arxada da oynayırdım. Amma yarımmüdafiədə də çıxış edirdim. “Qəbələ”dən gedəndən sonra isə artıq sırf cinah yarımmüdafiəçisi kimi oynamağa başladım”.
“Qəbələ”nin azarkeşlərinə dəstəyə görə təşəkkür edən Zərgərov komandasının göstərdiyi oyunun fanatların sayının artmasına təkan verəcəyini düşünür: “Azarkeşlərimizə təşəkkür edirəm ki, oyunlarımıza gəlir, bizi dəstəkləyirlər. Lakin daha çox fanatımızın olmasını, stadiona gəlməsini istəyirəm. Düşünürəm ki, tribunalara gələn azarkeşlərin sayı artdıqca bizim üçün daha böyük stimul olur. Futbolu azarkeşlər üçün oynayırıq. Biz də Avropa Liqasında çıxış edirik. Oyunumuz və nəticələrimizlə stadiona daha çox fanat gəlməsi üçün əlimizdən gələni edirik”.