"Bundan da yaxşı oynaya bilərik"
“Qəbələ” Futbol Akademiyasının komandaları cari mövsümə inamla start götürüb. Onların arasında U-16 komandasını xüsusi qeyd etməliyik. Çünki Yaşar Abuzərovun yetirmələri ən yaxşı nəticəyə malikdir. Doğrudur, “Qəbələ”nin U-17 kollektivi də 6 turdan sonra yüzfaizli nəticə göstərib. Lakin U-16 vurulan və buraxılan topların fərqində daha yaxşı göstəriciyə malikdir - 36:1.
Sportal.az xəbər verir ki, Abuzərov “Qəbələ İK”ya müsahibəsində yetirmələrinin uğurlu çıxışını dəyərləndirməklə yanaşı, sualları da cavablandırdı.
- Mövsümə inamla başlamağınızın əsas səbəbi nədədir?
- Yeni baş məşqçi bir qayda olaraq, heyətə “əl gəzdirir”. Komandanı götürəndə, mən də heyətdə bir sıra dəyişiklər etdim. Akademiya rəhbərliyi ilə götür-qoy etdikdən sonra 5 futbolçunu - Eldost Qiyasbəyli, Tolqar Yaqubov, Elcan Hafizli, Qabil Sabirli və Fərid Quliyevi heyətdən çıxartdım. Əvəzinə “İnter”dən Elvin Cəfərquliyevlə Qulu Axundovu, “Bakı”dan Fərid Nadirovu, “Turan”dan Vüsal Mustafayevi heyətə cəlb etdim. Odur ki, U-16 komandamız ötən mövsümlə müqayisədə daha güclüdür.
- Nəticələrə əsasən, demək olarmı ki, yetirmələrinizdən tam razısız?
- Doğrudur, uğurlu çıxış edirik, ancaq futbolçulardan tam razı deyiləm. Çünki bundan da yaxşı oynaya bilərik.
- Onların daha yaxşı oynamasına nə imkan vermir?
- Bunun üçün vaxt lazımdır. Komandada yeni futbolçular olduğundan, tam uyğunlaşma üçün zamana ehtiyac var. Düşünürəm ki, yaxın vaxtlarda vəziyyət tam qaydasına düşəcək.
- U-16-da çalışmaq sizin üçün yeni sınaq idi. Çünki ötən mövsüm daha kiçik yaşlılarla, U-11-də işləyirdiniz.
- Böyük yaş qruplarında işləməyin məsuliyyəti daha çoxdur. Doğrudur, 2004-cü il təvəllüdlü futbolçularla işləyəndə də məsuliyyət vardı. Sadəcə, böyüklərlə çalışanda qələbə haqda daha çox düşünürsən. Təbii ki, 16 və 11 yaşlı futbolçunun düşüncə tərzi və qavraması arasında böyük fərq var. Balacalarla iş prosesində onlardan istədiyini tam ala bilmirsən. Ancaq böyüklər məşqçilərin tapşırıqlarını böyük ölçüdə yerinə yetirirlər. Bu baxımdan məşqçi işinin nəticəsi yuxarı yaş qrupunda daha tez hiss olunur.
- 6 turun 5-də böyük hesabla qalib gəlmisiz. Yalnız “Əlincə”dən qol buraxaraq, minimal fərqlə qələbə qazanmısınız (2:1). Bu, nəyin göstəricisidir? Rəqiblər zəifdir, yoxsa?
- Futbolçularımız həqiqətən böyük istəklə oynayırlar. Rəqiblərimizdən 5-i - “Əlincə”, “Bakı”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Neftçi” yaxşı vəziyyətdədir. “Bakı” isə son 2 mövsümün çempionudur.
- Həmin “Bakı”ya 3:0, “Qarabağ”a 4:0 hesabı ilə qalib gəlmisiniz. Çempionatın səviyyəsi sizi qane edirmi?
- Əlbəttə, rəqiblər nə qədər güclü olsa, bir o qədər yaxşıdır. Rəqiblərimizdən 5-i eyni səviyyədə olsa da, təəssüf ki, digərləri zəifdir.
- Hər oyuna orta hesabla 6 qol vurmusunuz. Yəqin ki, hücum xəttinin oyunu sizi qane edir.
- Bu məhsuldarlıq hücum futboluna üstünlük verməyimizdən irəli gəlir. Futbolda ən yaxşısı da budur. Ümumiyyətlə, “Qəbələ” Futbol Akademiyasının komandaları, belə deyək, “qorxaq futbol” oynamır. Biz 4-3-3 taktiki sxemini seçmişik.
- Cari mövsümdə qarşıya hansı məqsəd qoyulub?
- Əsas məqsəd akademiyamız üçün yaxşı futbolçu yetişdirməkdir. İstəyirik ki, onlar daha yuxarı yaş qruplarına, əvəzedici heyətə, ordan da əsas komandaya keçsinlər. Nəticə önəmli deyil. Hər komandamızdan 2-3 güclü futbolçu çıxsa, heyət baxımından “Qəbələ”nin gələcəyi daha yaxşı olacaq.
- Hər halda, aşkar liderliyi nəzərə alsaq, çempion olmaq da istəyərsiniz...
- Əlbəttə. Ağaca qulluq edən bağban, mütləq barını görmək istəyər. Hər bir məşqçi yaxşı oyunla çempion olmaq, nəticə qazanmaq istəyir. Futbolda hər oyunda qalib gəlmək istəyirsən. Yaxşı oyunla nəticənin vəhdəti daha gözəldir. Əsas yaxşı futbol oynamaqdır, nəticə isə özü gələcək.
- Xüsusu fərqləndirə biləcəyiniz futbolçularımız varmı?
- Əslində, heyətdəkilərin hamısı yaxşı futbolçulardır. Elvin Cəfərquliyev, Elmir Tağıyev, Məhəmməd Abbaslı, Fərid Nadirov, Vüsal Mustafayev, İzzət Musaqov, Rüstəm Nuriyevdən daha çox razıyam. U-17 yığmamızın məşqçiləri futbolçularımızla maraqlanıblar. Mən də 6-7 futbolçunun adını baş məşqçi Təbriz Həsənova dedim. Onlar seçimdən keçəcəklər. Kim özünü daha yaxşı göstərsə, U-17-yə düşəcək. Bildiyimiz kimi, Azərbaycanın 17 yaşlılardan ibarət komandası gələn il Bakıda keçiriləcək Avropa çempionatının finalında çıxış edəcəklər. Mən də istəyirəm ki, heç olmasa, 3-4 futbolçumuz U-17 yığmasında oynasın.
- Bəs “Qəbələ”nin U-17 və U-15 komandalarıyla işbirlyi necə gedir?
- U-17-nin baş məşqçisi Emin İmaməliyev oyunlarımızı izləyir. Hansı futbolçu lazımdırsa, götürür. Hər oyun 1-2 nəfəri veririk. Biz isə gələcəkdə, U-15-dən futbolçu götürmək fikrindəyik. Xaqani Məmmədovun sərəncamında bəyəndiyimiz 2-3 yaxşı futbolçu var.
saytlarin hazirlanmasi