Pərviz Abdullayev "Glory World Series"də döyüşəcək

01:19 - 24 Noyabr 2015

"Fikrimcə, bundan sonra müqavilə imzalayıb, yarışda çıxışımı davam etdirəcəyəm"
 
Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev ölkə kikboksinq tariximizdə ilk dəfə bu idman növü üzrə mötəbər turnirdə - "Glory World Series"də çıxış edəcək.

Sportal.az xəbər verir ki, dekabrın 4-də rinqə Hollandiyada baş tutacaq döyüşlə bağlı bu gün "Qafqaz Point Hotel"də mətbuat konfransı keçirilib.
 
Konfransı giriş nitqi ilə açan "Qəbələ"nin digər idman növləri üzrə koordinatoru Səbuhi Qarayev klubun təkcə futbola deyil, digər idman növlərinə də diqqət ayırdığını vurğulayıb və Pərviz Abdullayevi gözləyən sınaq barədə qısa məlumat verib. Pərviz Abdullayev də öz növbəsində qarşıdakı turnir və hədəfləri barədə konfrans iştirakçılarını məlumatlandırıb:
 
“Bu, peşəkar boksun ən yüksək turniridi. Burada iştirak hamıya qismət olmur. Mən artıq buna nail olmuşam. Burada Azərbaycanı və “Qəbələ”ni ən yaxşı şəkildə təmsil edəcəyimə və qələbə qazanacağıma inanıram. Fikrimcə, bundan sonra müqavilə imzalayıb, yarışda çıxışımı davam etdirəcəyəm. Qələbə qazanacağım halda çox güman ki, daha 1 illik razılaşma olacaq və həmin müddətdə 3-4 döyüş keçirəcəyəm. Həmin vaxt artıq super ulduzlarla qarşılaşırsan”.
 
Kikboksinqçi rəqibini də dəyərləndirib. O, 13 görüşdən 10-də qələbə qazanan Kallahın üstün tərəflərini öyrəndiyini deyib: “Yaşı da azdı. Lakin "Glory World Series"də iştirak hüququ qazanıbsa, deməli güclüdü. Hollandiya məktəbinin yetirməsidi, bu da çox şeydən xəbər verir. Əsas hücumdur və ona qarşı döyüş üslubumu belə quracam”.
 
Abdullayev hazırda əla formada olduğunu açıqlayaraq, məğlubiyyət haqda düşünmədiyini vurğulayıb: “Döyüşdə ehtiyatlı olmalısan. Əsas odur zərbə buraxıb, zədələnməyəsən və görüş yarımçıq saxlanılmasın. Bunun üçün hücumda döyüşəcəyəm. Oktyabrın 16-da Rumıniyada qələbə qazandım və 1 həftə sonradan bu qarşılaşma üçün hazırlıqlara başlamışam. Formadayam, hər şey yaxşı olmalıdı”.
 
Noyabrın 25-də səfərə yollanacaq idmançı bildirib ki, gələcəkdə "Glory World Series"in Azərbaycanda keçirilməsi istisna deyil.
 
Kikboksinqçinin şəxsi məşqçisi Mehman Umudov də yetirməsinin qalib gələcəyinə inandığını deyib: “Bu arzumuz idi. Hamı tələbəsinin bu yarışda iştirakını istəyir. İnşallah, gələcəkdə digər tələbələrimiz də Pərviz ardınca bu yarışa yollanacaq. Rəqibi izləmişik, ona qarşı lazımınca hazırlaşmışıq. Abdullayev tam hazırdı”.
 
Qeyd edək ki, “Kobra” ləqəbli Abdullayev indiyədək 44 peşəkar döyüş keçirərək, onlardan 40-da qalib gəlib. Onun rəqibi mərakeşli Aziz Kallah isə peşəkar rinqdə 13 döyüş keçirib - 10 qələbə, 3 məğlubiyyət.

Xəbər xətti