"Çempionat gözlədiyimdən də maraqlı alındı"

12:17 - 24 Noyabr 2015

“Qəbələ” İdman Klubuna dərin minnətdarlığımı bildirirəm"

 

Qəbələdə həvəskar futbolçular arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şəhər birinciliyinə yekun vurulub.

Sportal.az xəbər verir ki, yarışda Qəbələnin şəhər, qəsəbə, kənd, idarə və təşkilatlarından ümumilikdə 18 komanda - “Çarxana”, “Əmili”, “Mamaylı”, “Beton Zavod”, “Nic-Mirzəbəyli”, “Topbağ”, “Duruca” (Soltan Nuxa), “Qarabağ” (şəhərcik), “Pirəlli”, “Sileyli”, “Bayramkoxa”, “Günəş” (Soltan Nuxa), “Zarağan”, “Xanlar”, “Çuxur Qəbələ”, “Təhsil”, “Şahdağ” və “Şamlı” kollektivləri qüvvələrini sınayıb. Təxminən ayyarım davam edən yarış “Topbağ” komandasının qələbəsi ilə yekunlaşıb.

 

Finala qədər bütün oyunlarda qalib gələn, əsasən, güclü müdafiə xətti ilə seçilən (6 matça cəmi 1 top buraxıb) “Topbağ” həlledici qarşılaşmada “Xanlar”la qüvvəsini sınayıb. Gərgin idman mübarizəsinə səhnə olan görüşün taleyini 1 qol həll edib. Belə ki, Sahil Əzimovun dəqiq zərbəsi “Topbağ”ı çempionluğa qovuşdurub. Qalib kubok , medal və diplomla təltif edilib. Finalda məğlubiyyətlə üzləşən “Xanlar” komandası ilə yanaşı, 3-cü yeri tutan “Əmili” və “Pirəlli” də diplom və medallara layiq görülüb.

 

Yarışın təşkilatçısı Ruslan Hüseynovun bildirdiyinə görə, 9 qolla turnirin ən sərrast futbolçusu adını qazanan “Şahdağ”ın üzvü Vüsal Mustafayev də mükafatlandırılıb. Bu komandanın digər nümayəndəsi - məşqçi Elşən İsgəndərov isə turnirin ən təcrübəli çalışdırıcısı elan olunub. Xatırladaq ki, rayonda futbolun inkişafı üçün böyük xidmətlər göstərən İsgəndərov uzun müddət “Qəbələ” klubunun əvəzedici heyətindəki fəaliyyəti ilə də yadda qalıb.

 

Ruslan Hüseynov ümumilikdə Qəbələ şəhər birinciliyindən razı qalıb: “Çempionat gözlədiyimdən də maraqlı alındı. Xüsusilə birinci yer uğrunda gözəl mübarizə izlədik. Final oyunu elə təşkil edilmişdi ki, matçın hələ uzun müddət Qəbələnin həvəskar futbolçularının yaddaşlarından silinməyəcəyinə əminəm. Həqiqətən də məsuliyyətli bir işi öz öhdəmə götürmüşdüm. Bu sınaqdan üzüağ çıxdığıma görə, çox şadam. Final oyununun Böyük Əmili stadionunda keçirilməsində bizə dəstək verdiyinə görə “Qəbələ” İdman Klubuna dərin minnətdarlığımı bildirirəm”.

 

Onu da əlavə edək ki, 18-35 yaşlı həvəskarların iştirak etdiyi yarış Qəbələdə futbolun kütləviliyinin artırılması məqsədilə təşkil olunub.

 

 "Qəbələ İK" qəzeti

Xəbər xətti