Qriqorçuk: "Bu gün vicdanımız təmizdir"

02:40 - 27 Noyabr 2015

"Oyunçular bir az aqressiv, bir az da ağıllı olsa, bu oyunu həll edə bilərdik"
 
"Qəlbimin dərinliyində "Krasnodar" - "Borussiya" oyununun nəticəsini bildikdə çox pis oldum. Bilirsən ki, qalib gəlsən də, xeyri yoxdur. Buna baxmayaraq, biz bu oyuna çıxmalıydıq”.
 
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Avropa Liqasının qrup mərhələsinin V turunda PAOK-la səfərdə keçirilmiş və qolsuz heç-heçə ilə bitən oyundan sonra ukraynalı mütəxəssis fikirlərini bildirib: "Ola bilərdi ki, belə oyunlar hansısa futbolçunun praktikasında az olub və ya ümumiyyətlə oynamayıb. Bunları nəzərə alaraq futbolçulara dedim ki, nəticə necə olursa olsun biz çıxıb oynamalıyıq. Bugündən sonrakı çempionat oyunlarında və Avropa Liqasında qalan bir oyunumuzda qalib gəlməyə çalışacağıq ki, qrup üçüncüsü olaq".
 
- Deyə bilərik ki, "Qəbələ" üçün ən yaxşı nəticə PAOK-la iki oyun oldu?
 - Nəticə baxımından deyə bilərik. Amma "Borussiya" ilə ev oyununda və "Krasnodar"la oyunda yaxşı çıxış etmişdik.
 
- Həmişə təmkinli olursunuz, amma bu gün hakimlərə qarşı aqressiv idiniz..
- Oyunçular bir az aqressiv, bir az da ağıllı olsa, bu oyunu həll edə bilərdik. Hakimlərin bugünkü çıxışı mənim xoşuma gəlmədi.
 
- Qrupdakı göstəricilərə əsasən heyətdə ən çox dəyişiklik etmək istədiyiniz mövqe hansıdır?
- Qrupdan çıxmaq üçün komanda çox güclü olmalıdır və bunun üçün heyətdə elə 3-4 oyunçu olmalıdır ki, onlar vəziyyəti dəyişə bilsin. Bunun üçün də müəyyən şərtlər lazımdır. Burada bəxt amili də öz sözünü deyir. Hansı ki, "Borussiya" və "Krasnodar" komandalarının oyununda bu amil bizim  tərəfdən olmadı. Bütün bunlar olduqda qrudan çıxa bilərik. Bu gün vicdanımız təmizdir və oyunçularla fəxr edirəm.

Xəbər xətti