"Qələbənin davamını gətirməliyik"
“Düzdür, rəqib o qədər də güclü deyildi. Amma əsas qələbə idi ki, buna da nail olduq. Mərhələ keçmək vəzifəsinin öhdəsindən çətinlik çəkmədən gəldik. İndi isə Premyer Liqanın “Xəzər Lənkəran”la qarşılaşmasına hazırlaşacağıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Abışov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”a 7:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.
"Son oyunlarda qalib gələ bilmədiyinizi nəzərə alsaq, bu qələbə çox yaxşı oldu. Bunun davamını gətirməliyik. Adi qol epizodu idi və bu imkandan yararlanıb, rəqib qapısına yol tapdım. Ötən turun “Rəvan”la matçında da qol vurmağa çox yaxın idim. Həmin vaxt qol vura bilməmişdim. Bu dəfə isə fərqləndim” - deyə o bildirib.
Matçın 28-ci dəqiqəsində əvəzlənən R.Abışov belə tez dəyişikliyin səbəbini də izah edib: “Ayağımda köhnə zədə səbəbindən ağrılar hiss etdim. Bu üzdən əvəzlənməyimi istədim. Bu ciddi problem deyil. Hər şey qaydasındadır. Növbəti turun hazırlıqlarında iştirak edəcəm”.
Azərbaycan Premyer Liqasının XV turunda “Xəzər Lənkəran”la qarşılaşacaq komandanın təcrübəli üzvü səfər matçında da 3 xal üçün mübarizə aparacaqlarını bildirib:
“Bu matçda da qalib gəlməliyik. Çətin oyun olacağını bilirik. Bizi Lənkəranda çətin səfər gözləyir. Lakin iddialıyıq və qalib gəlməyə çalışacağıq. Matça yaxşı hazır olmalıyıq. Ancaq qələbə üçün mübarizə aparacağıq”.
saytlarin hazirlanmasi