Qriqorçuk sindromu qırdığı şəhərdə

18:35 - 5 Dekabr 2015

Darmadağının davamı gələcəkmi?

 

“Qəbələ” ilə hələ ikinci dövrədə oyunumuz var. İnşallah, həmin oyunda elə bax bu uşaqlarla 0:6 hesablı məğlubiyyətin əvəzini çıxacağıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri 2 ay öncə Premyer Liqanın VII turunda “Qəbələ”yə uduzduqdan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov demişdi. Məşqçilik karyerasında ilk dəfə komandasının 6 cavabsız top buraxmasına şahidlik edən Hüseynovun həsrəti başa çatmaq üzrədir.

 

Dodonun tarixi qolu

 

Belə ki, “qırmızı-qaralar” dekabrın 6-da ölkə çempionatının XV turu çərçivəsində Lənkəranda yerli klubun qonağı olacaq. Bir az əvvələ qayıdıb əlavə edək ki, “Qəbələ”nin 6:0-lıq zəfəri cari çempionatın ən böyükhesablı qələbəsi sayılır. Həmin oyunun 8-ci saniyəsində (!) “Xəzər ənkəran”ın qapısına yol tapan Dodo isə bəlkə də Azərbaycan çempionatlarında ən erkən qolun müəllifidir. “Bəlkə”ni ona görə yazdıq ki, indiyədək ölkə birinciliklərində 1-ci dəqiqədə 100-ə yaxın qol vurulub. Lakin rəsmi protokollarda saniyə qeydə alınmadığından, 8-ci saniyədən tez kiminsə qol vurub-vurmadığını müəyyənləşdirmək müşkül məsələdir.

 

Qriqorçuk sindromu qırdığı şəhərdə

 

Təbii ki, lənkəranlılar qisas hissi ilə alışıb-yanırlar. Onlar nəyin bahasına olursa-olsun, qələbə qazanıb, ağır məğlubiyyətin əvəzini çıxmaq niyyətindədirlər. Həm də nəzərə almaq lazımdır ki, bu mövsümdə qeyri-sabit çıxış edən, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Xəzər Lənkəran” Premyer Liqada son 3 ev oyununda uduzub (“Sumqayıt”, “Qarabağ” və “Neftçi”yə). Ancaq “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun təmkinliliyini, soyuqqanlılığını anlamaq olar. Axı Lənkəran şəhər stadionunda 6 illik tilsimi məhz ukraynalı çalışdırıcı qırıb. Onun rəhbərlik etdiyi kollektiv bu ilin aprelində səfərdə “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edib. Bu, 2009-cu ildən bəri lənkəranlıların öz aralarında “Fırtınalar meydanı” adlandırdığı arenada "Qəbələ"nin ilk qələbəsi olub.

 

Statistika nə deyir?

 

Ümumiyyətlə, komandamız Lənkəran təmsilçisinə səfərdə cəmi 2 dəfə qalib gəlib. Bütün görüşlərin statistikasında isə “Xəzər Lənkəran”ın üstünlüyü nəzərə çarpır. Bu vaxta qədər tərəflər arasında gerçəkləşən 27 matçın 8-də “Qəbələ” qələbəyə sevinib. On üç qarşılaşmada uduzan “qırmızı-qaralar” qalan 6 oyunda heç-heçəyə razılaşıb. Topların nisbətində də lənkəranlılar cüzi üstünlüklə irəlidədirlər – 36:30. Məhz Lənkəran şəhər stadionunda keçirilən oyunlardan danışsaq, onların sayı 13-ə bərabərdir. “Qəbələ” bu matçlardan 2-də qalib gəldiyi halda, 3 görüşdə heç-heçə edib, 8 dəfə uduzub (topların nisbəti – 8:21).

 

Sabiq komandaya qarşı

 

Qarşıdakı oyun “Qəbələ”nin heyətində 3 futbolçu üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Ruslan Abışov, Vaqif Cavadov və Vüqar Nadirov sabiq komandalarına qarşı mübarizə aparmaq imkanına malik olacaqlar. Son 2 oyunçu bu ilin yayında məhz “Xəzər Lənkəran”dan icarəyə götürülüb. Ümid edirik ki, futbolçularımız bu dəfə də Roman Qriqorçukun tapşırıqlarını tam yerinə yetirərək, Lənkərandan 3 xalla dönəcəklər.

 

"Qəbələ İK" qəzeti

Xəbər xətti