Həyatlarını dəmir barmaqlılar arasında keçirən futbolçular
Yanvarın 21-də “Zenit"in keçmiş futbolçusu, Leninqrad (indiki Sankt-Peterburq) komandasının heyətində 1984-cü ildə SSRİ çempionu olmuş və SSRİ Kubokuna sahib çıxmış Vladimir Dolqopolov həyat yoldaşı Natalyanı qətlə yetirdiyinə görə 10 il müddətinə həbs cəzasına məhkum edildi. Deyilənə görə, azadlıqda ikən 54 yaşlı veteran futbolçu içki düşkünü olub və bu üzdən həyat yoldaşı ilə aralarında tez-tez mübahisələr baş verirdi. 2014-cü il sentyabrın 17-də növbəti söz davası faciə ilə başa çatıb.
Vladimirin Natlayanın qarın nayihəsinə vurduğu zərbə nəticəsində zərərçəkən daxili qanaxmadan dünyasını dəyişib. Maraqlıdır ki, qatil hadisəni 5 gün gizli saxlayıb. Yalnız sentyabrın 22-də təcili tibbi yardım çağırıb və həyat yoldaşının pilləkandan yıxıldığını söyləyib. Lakin hadisə yernə gələn istintaqçılar əsl həqiqəti üzə çıxara biliblər. Az sonra o, Natalyanı öldürdüyünü etiraf edib.
Bu yazımızda qatil futbolçular haqqında bəhs edəcəyik. Vladimir Dolqopolovla oxşar tale yaşayan belə futbolçuların sayı çox olmasa da, əksəriyyəti ağılsızlıqlarının ucbatından dəmir barmaqlıqlar arasına düşüblər.
Mixail Rekudanov
Qırğızıstan vətəndaşını qəsdən öldürdüyünə görə Moskva “Torpedo"sunun keçmiş müdafiəçisi Mixail Rekudanov 2013-cü ilin mayında məhkəmənin qərarı ilə cəzasını ciddi rejimli islah düşərgəsində çəkməklə 6 il azadlıqdan məhrum edildi. İstintaq zamanı məlum oldu ki, 28 yaşlı Mixail dostları ilə evə qayıdarkən taksi üstündə bir qrup gənclə mübahisəsi düşüb. Mübahisə dava-dalaşla nəticələnib. Spirtli içkinin təsiri altında olan futbolçu bıçaqla rəqibinə bir neçə ölümcül zərbə vurub. Qırğız hadisə yerində keçinib. Hadisədən sonra milisə təslim olan Rekudanov günahını etiraf edib. O, heç kimi öldürmək istəmədiyini, sadəcə, müdafiə olunmaq üçün əlinə bıçaq aldığını bildirsə də, azadlığını qoruya bilməyib. Maraqlıdır ki, həbs olunduqdan az sonra Mixail sevgilisi ilə nikaha girib. Hazırda cəzasının yarısını çəkən qatil tezliklə bağışlanacağına ümid edir.
Fayez və Musa Hamis qardaşları
2008-ci ildə Birləşmiş Ərəb Əmirliklərində baş verən qətl hadisəsinin iştirakçıları 2 futbolçu qardaş idi. Yerli mətbuatın yaydığı məlumata görə, Fayez və Musa avtomobil dayanacağında tanımadıqları biri ilə dalaşmış və ona çoxsaylı bıçaq zərbələri yetirmişlər. Yaralı xəstəxanaya çatdırılanda dünyasını dəyişmişdi. Məhkəmə əvvəlcə kifayət qədər sübut olmadığını əsas gətirərək Hamis qardaşlarının 1 illik həbs və 180 min avro cərimə olunmasına qərar versə də, mərhumun yaxınları qərardan apellyasiya şikayəti verməsi nəticədə işə yenidən baxılmış və 2011-ci ilin yayında təqsirləndirilən şəxslərə ölüm cəzası kəsilmişdi.
Xatırladaq ki, Hamis qardaşları bir vaxtlar BƏƏ yığma komandasının üzvləri olublar.
Mandla Sitxol
CAR-nın “Orlando Payters" klubunun futbolçusu Mandla Sitxol edam edilməsə də, həyatının 10 ilini həbsxanada keçirməyə məhkub edilib. Ona 2009-cu ildə qonşusunu öldürdüyünə görə bu cəza verilib. Hadisənin motivi borc olub. Belə ki, futbolçudan 100 dollar borc alan mərhum onu qaytara bilməyib. Bir neçə dəfə pulunu tələb edən Mandla 2009-cu ilin may ayında qonşusunu qəddarlıqla qətlə yetirib. Məhkəmədə günahını boynuna almayan futbolçunun vəkili nə qədər çalışsa da, müştərisini ağır cəzadan qurtara bilməyib. Mandla Sitxol hazırda həbsxanadadır.
Uesli Uord
İrlandiyalı ölkəsində dövrünün ən istedadlı futbolçularından biri hesab edilirdi. Gənc vaxtlarında o, “Kuinz Park Reyncers"ə düşməyə çox yaxın idi. Lakin spirtli içkilərə və narkotik maddələrə aludəçilik onun futbolçu həyatına böyük zərbə vurdu. 2009-cu ildə, 33 yaşı olarkən isə gənc qadını ölümündə günahlandırıldı. Hadisənin baş vermə səbəblərinə gəlincə... Deyilənə görə, Treysi Brayen adlı həmin qadın Ueslinin övladının doğma olmaması və övladlığa götürülməsi barədə yerli əhali arasında xəbər yayırmış. Bunu eşidən Uordun övladının əsl anası Mişel Braninqan bir neçə dəfə Treysiyə hədə-qorxu gəlibmiş. Amma Treysi “özünə yığışmayıbmış". Baş verənlərdən bərk əsəbləşən Uesli məsələyə son qoymaq qərarına gəlib. O, Treysini güçədə asfaltın üstünə yıxaraq yumruqla sifətinə bir neçə dəfə vurub. Qadın koma vəziyyətində xəstəxanaya çatdırılsa da, bir həftə sonra orada vəfat edib. “Neyləmişəm ki? 1-2 sillə vurmuşam. O buna layiq idi". Bu sözləri, məhkəmədə Uord demişdi. İstintaq başa çatdıqdan sonra Dublin məhkəməsi keçmiş futbolçunu 3 il azadlıqdan məhrum etmişdi.
Endryu Holl
Endryu cinayət törədəndə cəmi 18 yaşı var idi. “Stok Siti"nin futbol məktəbinin yetirməsi olan Holl çox istedadlı idi və yadışlarından seçilirdi. Klub rəhbərliyi tezliklə onunla peşəkar müqavilə bağlamağa hazırlaşırdı ki... Gecə məclislərinin birində Endryu 15 yaşlı sevgilisi Meqanı qısqanır. İçkili vəziyyətdə olan gənc hisslərini cilovlaya bilmir və sevgilisinin bədəninə və başına 60 bıçaq zərbəsi vurur. Bundan sonra heç nə olmamış kimi bara yaxınlaşır və içki sifariş verir. Bir qədər sonra isə dostlarına “deyəsən, Meqanı öldürmüşəm" dedikdən sonra hadisənin üstü açılır. Məhkəmənin qərarı ilə Holl ömürlük həbs cəzasına məhkum edilir. Yalnız 2022-ci ildə bu cəzanın yüngülləşməsi ehtimalı var.
Qevin Qrant
“Milloul"un keçmiş futbolçusu 2006/07-ci illər mövsümündə Pakistan əsilli britaniyalı Camal Murun ölümündə suçlandırılsa da, futbolçunun günahını sübut etmək mümkün olmamışdı. Yaramazlıqlarla yadda qalan Qevin “Milloul"da 2008-ci ilə kimi oynadı. Daha sonra “Uikomb"a, oradan isə “Bredford"a keçdi. 2006-cı ildəki hadisədən 4 il sonra Qrantın yolu yenə də polisə düşdü. Bu dəfə o, qohumu Qreq Doui ilə birlikdə 2004-cü ildə baş vermiş qətl hadisəsinə görə ittiham edilirdilər. Məhz 2004-cü ilin mayında 21 yaşlı Leon Lebastid adlı birisi qəddarlıqla öldürülmüşdü. Polisin apardığı araşdırma nəticəsində Leonla Qreqin qətllərində oxşarlıqlar aşkar edilmişdi. Az sonra isə hər iki qətlin Qevin Qrant tərəfindən törədildiyi ortaya çıxmışdı. 2 nəfərin həfatına son qoyan futbolçu ömürlük həbs cəzasına məhkum edildi. Həbs olunduğu vaxtdan yalnız 25 il sonra o, cəzasının yüngülləşdirilməsi ilə bağlı müvafiq orqanlara müraciət edə bilər.
Bruno Souza
“Flamenqo"nun keç miş qapıçısı Bruno Souzanın törətdiyi hadisə əsl vəhşilik idi...
2010-cu ildə Rio-de-Janeyroda keçirilən məclislərin birində Bruno Eliza Samudio adlı modellə tanış olur. Evli olmasına baxmayaraq, o, Eliza ilə eşq macərası yaşamaqdan çəkinmir. Az sonra Elizanın hamilə qalması vəziyyəti gərginləşdirir. Bruno həyat yoldaşının bundan xəbər tutacağından qorxaraq Elizanı öldürmək qərarına gəlir. Lakin plan bir qədər ertələnməli olur. Çünki Eliza Brunoya oğlan uşağı doğur. Eliza Brunodan aliment tələb edir. Üstəlik, futbolçunu aralarında olan eşq macərasını onun həyat yoldaşına bildirəcəyi ilə hədələyir. Souza vəziyyətdən çıxış yolunu Elizanın qətlində görür. Bu işdə ona bir neçə dostu, o cümlədən keçmiş polis Markuş Aparesidu yardım göstərirlər. Mehmanxanalardan birində otaq kirayələyən futbolçu Elizanı ora dəvət edir. Heç nədən şübhələnməyən qadın həmin otaqda dostlar tərəfindən qətlə yetirilir. Daha sonra onun cəsədi hissələrə bölünərək itlərə atılır. Qalan hissələr isə basdırılır.
Hadisənin üstü açılan kimi Bruno və dostları həbs olunurlar. Əvvəlcə insan oğurluğu və başqasına fiziki təzyiq göstərdiyi əsas gətirilərək Brunoya 4,5 il həbs cəzası verilir. Lakin sonradan qətlin əsl təfərrüatları üzə çıxır və həbs müddəti 22 ilə qədər artırılır.
Lyuk MakKormik
“Plimut"un qapıçısı komanda yoldaşlarının birinin toyunda iştirak edərkən həyat yoldaşının ona xəyanıt etməsi barədə gedən söhbəti təsadüfən eşidir. Bərk əsəbiləşən Lyuk “Reync Rover"inə əyləşərək onu yüksək sürətlə idarə etməyə başlayır. Lakin bu, ona baha başa gəlir. Avtomobili “Toyota"ya çırpan MakKormik digər maşındakı 2 uşağın ölümünə və onların atasının əlil qalmasına səbəb olur. Məhkəmənin qərarı ilə o, 7 il 4 ay azadlıqdan məhrum edilir.
Kortni Meppen-Uolter
“Mançester Siti"nin və İngiltərənin gənclər yığmasının 18 yaşlı üzvü 2011-ci il sentyabrın 1-də 19 yaşlı Ceyms Konroy ilə Mançesterin mərkəzində avtoyürüşə çıxır. Nəticədə ağır qəza törədir. Qəza nəticəsində 2 nəfər həlak olur. Daha 2 gənc isə ağır yaralanır. Onlardan birinin artıq sağalsa da, digəri hələ də xəstəxanada müalicəsini davam etdirir. Cəzaya gəlincə, bu barədə dəqiq məlumat əldə edə bilmədik.
Li Hyuz
8 il əvvəl “Vest Bromviç"in hücumçusu bir nəfərin ölümün ilə nəticələnən avtoqəzaya səbəb olduğuna görə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Günahını etiraf edən Xyuz həbsxanada islam dinini qəbul etmişdi. Cəzasının yarısını çəkdikdən sonra isə bağışlanmışdı. 31 yaşında azadlığa çıxan Xyuz karyerasını davam etdirmiş və “Oldhem"lə müqavilə bağlamışdı. Karyerasının son 3 ilini isə “Notts Kaunti"də keçirmişdi. 2011-ci ilin dekabrında onun adı daha bir cinayət hadisəsində çəkildi. Bu dəfə zorlamada ittiham edilən keçmiş futbolçunun günahı sübut olunmadı. O, tanımadığı qadına yalnız fiziki təzyiq göstərdiyinə görə 500 funt-sterlinq cərimə ilə canını qurtardı.
Vladislav Piskun
“Sevastopol"un müdafiəçisi 2010-cu ilin payızında BMW markalı avtomobilini yüksək sürətlə idarə edərkən, idarəetməni itirmiş və səkiyə çıxmışdı. Nəticədə bir qadın və onun 2 azyaşlı övladını vurmuşdu. Hər 3 piyada, o cümlədən Vladislavın avtomobildə olan hamilə tanışı hadiyə yerində dünyalarını dəyişmişdilər. Piskun isə kəllə-beyin travması və topuğunun sınığı ilə xəstəxanaya çatdırılmışdı. Məhkəmə ona 6,5 il cəza kəsmiş, lakin sonradan cəza müddəti 9 ilə qaldırılmışdı.
“Het-trik news”qəzeti
saytlarin hazirlanmasi