Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda I mərhələnin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ” Rusiya çempionu Moskva "Dinamo”su ilə qarşılaşıb. 2015-2016-cı illər mövsümündə U-19 Liqanın qalibi olan "qırmızı-qaralar” öz meydanında 0:2 hesabı ilə uduzduğundan səfərdə qələbə istəyi ilə meydana çıxıb. Ilk oyunla müqayisədə start heyətində 2 dəyişiklik edən baş məşqçi Hüseynqulu Quliyev Əli Sadıqovla Maqsud Ələkbərova şans verib. Əvəzində Elvin Dəmirov və Ravil Yusifli "18-lik”dən kənar qalıblar.
"Qəbələ" oyuna fəal başlayıb, ərazi üstünlüyünə yiyələnməyə çalışıb. Xəyal Əmirli və Roman Hüseynov matçın əvvəlində əldə etdiyi qol imkanları dəqiq zərbə ilə tamamlamayıb. Meydan sahiblərinin qapıçısı da ardıcıl bir neçə dəfə "Qəbələ”nin hesabı açmasına mane olub. İlk yarının ortalarında oyunu tarazlaşdıran "Dinamo” 29-cu dəqiqədə Terexovun qolu ilə önə keçib. 2 dəqiqə sonra Roman bərabərlik qoluna yaxın olsa da, rusiyalıları qapı tiri xilas edib. "Qırmızı-qaralar”ın qarşısını almaqda çətinlik çəkən meydan sahibləri kobudluğa əl atmaqdan çəkinmir və bu üzdən bir-birinin ardınca sarı vərəqə ilə cəzalanıb. "Dinamo” daha çox sürətli əks-hücumlarla fərqi artırmağa cəhd edib.
İkinci hissədə erkən qol vuran Moskva klubu 50-ci dəqiqədə Obolskinin fərqlənməsi ilə üstünlüyünü artırıb – 2:0. Bu qoldan sonra rusiyalılar meydanda da tarazlıq yaradıb və azarkeşlər qarşılıqlı hücumlara şahid olublar. Quliyevin əvəzetmələrlə matçın axarını dəyişmək istəyi də alınmayıb. "Dinamo” Obolskinin dublu sayəsində fərqi 3 topa çatdırıb – 3:0. Qarşılaşmanın sonlarında isə "Dinamo” daha iki dəfə fərqlənib. Meydana sonradan daxil olan Qrulev və Sedıx moskvalıların üstünlüyünü artırıb – 5:0. Beləliklə, hər iki oyunda qalib gələn "Dinamo” növbəti mərhələyə yüksəlib. "Qəbələ” isə debüt mövsümündə mübarizəni dayandırıb.
Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
19 oktyabr
"Dinamo” (Moskva, Rusiya) – "Qəbələ” (Azərbaycan) - 5:0
Qollar: Terexov, 29, Obolski, 50, 73, Qrulev 85, Sedik, 89