“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov bu gün Klublar Komitəsinin iclasından jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, müsahibədə Nəcəfov iclasda yeni təkliflə çıxış etdiklərini söyləyib.
O bildirib ki, “Qəbələ”nin ən çox narahat olduğu məqam meydançaların bərbad durumda olmasıdı: “Meydançalar həddindən artıq bərbad vəziyyətdədi. Ölkə çempionatında iştirak edən 8 komandadan 5-nin meydançasında futbol oynamaq, demək olar ki, mümkün deyil. Söhbət AZAL, “İnter”, “Sumqayıt”, “Zirə” və “Kəpəz”in meydançalarından gedir. Çempionat başlayana qədər avrokuboklarda bir neçə oyun keçirdik, bu müddətdə heç bir oyunçumuz zədələnmədi. Çempionat start götürən kimi, “İnter”lə matçda 2 futbolçumuz sıradan çıxdı. Bu məsələlərin nəzərə alınması “Qəbələ” klubu tərəfindən təklif olundu və yekdilliklə qəbul edildi. Yəqin ki, AFFA-ya təklif şəklində ünvanlanacaq.
- “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki çıxışı sizi məyus edirmi?
- Xeyr. Bizim üçün böyük təcrübə oldu. İldən-ilə komandanın yaxşı çıxış etdiyini, öz oyununu daha da formalaşdırdığını müşahidə edirik. Ötən mövsüm “Qəbələ” başqa komanda idi, çıxışı da fərqli idi. Komandamız bu mövsüm daha ürəkaçan oyun sərgiləyir. Düzdü, nəticənin bu dərəcədə olacağını gözləmirdik. Amma qeyd etməliyəm ki, qrup mərhələsindəki bütün qarşılaşmaları yüksək səviyyədə keçirmişik. Bəzi görüşlərdə futbolçuların individual səhvləri ucbatından məğlub olmuşuq. Komanda şəklində uğurlu çıxış edirik. Zədəlilərimizin çoxluğu da bu nəticələrə öz təsirini göstərdi. Bir neçə oyunçumuz müxtəlif görüşlərdə iştirak etmədi ki, bu da belə nəticələrə gətirib çıxardı. Qrupdan çıxmaq şansımız tam tükənib. Amma yenə də qarşıdakı iki görüşdə bütün gücümüzlə mübarizə aparacağıq. Çünki burda həm reytinq məsələsi var, həm də klub olaraq, ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışırıq.
- Azərbaycan Premyer Liqasında ən yaxın izləyicilərinizlə aradakı xal fərqinin “əriməsi” sizi narahat etmir?
- Sözsüz ki, narahat edir. İstərdik ki, komandamız həmişə böyük fərqlə irəlidə olsun. Amma bunlar gözləniləndi. Çünki çempionat uzun marafondu. Qeyd etdiyim kimi, subyektiv və obyektiv səbəblər var. Məşqçilər korpusu və futbolçularla dəfələrlə görüşümüz olub. Hamı əlindən gələni etməyə çalışır. Məqsədimiz bəllidi və sona qədər mübarizə aparacağıq.
- Qış fasiləsində yeni transferlərin olması nəzərdə tutulurmu?
- Ola bilər. Bəzi mövqeləri gücləndirmək istəyirik. Avropa Liqasından müəyyən məbləğdə gəlir əldə etmişik. Həmin pulun müəyyən hissəsini futbolçu almağa xərcləmək istəyirik. Axtarışlarımız davam edir.
- Konkret hansı mövqelər üçün axtarışlar aparılır?
- Baş məşqçi elə futbolçular istəyir ki, bir neçə mövqedə oynaya bilsin. Məsələn, hücumçu eyni zamanda yarımmüdafiənin cinahlarında da oynamağı bacarmalıdı. Yəni universal oyunçulara üstünlük verəcəyik. Axtarışlarımız da bu istiqamətdə gedir.
- “Qəbələ” hər dəfə mövsümə uğurlu başlasa da, sonradan eniş yaranır. Bu nədən qaynaqlanır?
- Təkcə futbolda yox, fərdi idman növlərində də idmançıların eniş və yüksəliş dövrləri olur. Təlim-məşq toplanışından sonra komandada yüksəliş var idi. Qayıdıram həmin məsələyə ki, bəzi futbolçularımızın zədələnməsi və idman şansımızın müəyyən qədər gətirməməsi enişə səbəb olub. Buna tam eniş də demək olmaz. Qələbə qazanmalı olduğumuz bəzi matçlarda heç-heçə edib, xallar itirmişik. Qarşıdakı görüşlərdə bunu sığortalamağa çalışacağıq.
- “Qəbələ”nin sabiq futbolçunuz Ruslan Əmircanova 120 min dollar borcu olsa da, AFFA 40 min dolların verilməsi barədə qərar çıxarıb. Həmin borc ödənilibmi?
- Ruslan Əmircanovun özü ilə şəxsən görüşmüşəm. Bu məsələ kağız üzərində və aramızda həll olunub. Amma pul hələ ödənilməyib. 40 min yox, yaxın vaxtlarda müəyyən miqdarda pul ödəniləcək. (Apasport)
saytlarin hazirlanmasi