Rəşad Sadiqov: "Hədəfimiz qızıl medallardı"

00:04 - 17 Noyabr 2016

“Qəbələ” Azərbaycan Premyer Liqasının XII turunun “Zirə” ilə ev oyununun hazırlıqlarını doğma stadionda davam etdirir.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlığı klubun rəsmi saytına açıqlamasında dəyərləndirib: 

 

"Fasilə dövründə qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Fasilədən maksimum yararlandığımızı söyləmək olar. Bu, komanda üçün də vacib idi. Yüksək səviyyədə məşqlər keçib, növbəti görüşlərə tam hazır vəziyyətə gəldik. Düzdür, milli komandalara cəlb olunan futbolçular bütün hazırlıq prosesində iştirak etmədi. Lakin bu, əksər komandalarda yaşandığından normal qarşılanmalıdır. Artıq onlar da komandanın düşərgəsindədirlər”.

 

33 yaşlı yarımmüdafiəçi qarşıdakı görüş haqda da fikirlərini bölüşüb: “Zirə” ilə bu həftə keçiriləcək qarşılaşmaya tam hazırıq. Yalnız matça tam konsentrasiya olub, meydana çıxmaq qalıb. Qarşıdakı görüşdə 3 xala iddialıyıq. Cari mövsüm bu rəqiblə bir dəfə qarşılaşmışıq. Rəqib döyüşkən, futbol oynamağı bacaran komandadır. Ötən mövsümü mükafatçılar sırasında bitirmələri də onların gücünü göstərir. Bütün bacarığımızı meydanda qoyub, qalib gəlməyə çalışacağıq. Düşünürəm ki, bütün futbolçular potensiallarını tam ortaya qoysa, istəyimizə çatacağıq”.

 

Hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində lider olan “Qəbələ” fasiləyə qış çempionu kimi yollanmağa yaxındır. Sadiqov bildirib ki, komanda həm ili, həm də mövsümü indiki mövqeyində bitirmək niyyətindədir: “Hazırda çempionatın lideriyik. Mövqeyimizi qorumaq üçün mübarizə aparırıq. Əlimizdən gələni edəcəyik ki, ilin sonunadək də ilk pillədə qalaq. Cari mövsümdə hədəfimiz qızıl medallardır. Çempionluğa iddialı olduğumuzdan hər görüşə maksimum nəticə üçün çıxırıq”.

Xəbər xətti