Dünən Azərbaycan Premyer Liqasının “Qəbələ” – “Zirə” matçından sonra meydan sahiblərinin əhvalı yerində deyildi. Bu da başadüşüləndi. Bu turadək xal itkisinə məruz qalmayan qonaqlarla matçda 3 xalı hədəfləyən “qırmızı-qaralar” yalnız son dəqiqələrdə vurulan penalti ilə məğlubiyyətdən qurtulmağı bacardılar.
Sportal.az xəbər verir ki, görüşdən sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Newsport.az və Sport24.az saytlarına verdiyi müsahibədə tək dünənki görüşlə fikirlərini bildirmədi, daha qlobal problemə toxundu ki, bu da başadüşüləndi. Monitora yaxın oturun. Həmsöhbətimiz əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
- Qarşılaşma gözlədiyimiz kimi gərgin keçdi. “Zirə” mövsümə yaxşı başlayıb, baxımlı futbol sərgiləyir. Matçın gedişatında iki futbolçumuz zəələnərək, əvəzləndi. Yekun nəticə istədiyimiz kimi olmasa da, son dəqiqələrdə məğlubiyyətdən qurtulmağımızı unutmaq olmaz.
- Ancaq “Zirə”dən fərqli olaraq, “Qəbələ” ötən mövsümlə müqayisədə, heç cür öz oyununu tapa bilmir. Səbəbləri nədə görürsünüz?
- Bu suala baş məşqçi cavab versə daha yaxşı olar. Kənardan apardığım müşahidəyə əsasən deyə bilərəm ki, komandanın problemi nəticədədi, meydandadı. Kənar problemlərimiz yoxdu. Eyni zamanda, yəqin ki, diqqət yetirdiniz: meydandakı uşaqlardan üçü akademiyamızın yetirmələri idi. Bir tərəfdən bu, bizi sevindirsə də, digər yandan onların təcrübəsizliyi hər an səhvə yol verə biləcəklirini şərtləndirir. Zənnimcə, heyətin tam oturuşması üçün bir qədər zamana ehtiyac var.
- Nika Kvekveskirinin yeri hələ də görünür...
- Saxlamaq mümkün olsaydı, bunu edərdik. Tək Nikanın deyil, oturuşmuş heyətdən kiminsə ayrılması təbii ki, özünü büruzə verir.
- Yerli oyunçu qıtlığı göz qarşısındadı. Bu faktor “Qəbələ”yə maneə törətmir?
- Legioner limiti absurd qərardı. Çempionatda cəmi 8 komanda mübarizə aparır. Yerli futbolçu yenə də tapılmır. Meydana çıxıb rəqabətə davam gətirəcək azərbaycanlı futbolçu yoxdu. Limit nə üçün tətbiq olunub?Onsuzda bütün yaş qrupları üzrə yığma komandalarda legionerlər oynayır: dağıstanlıları, türkləri, digərlərini ordan-burdan gətirib doldurublar millilərə. İmkan verin normal çempionat keçsin, sağlam rəqabət olsun. Bu rəqabətdə də yetişən 1-2 oyunçu olacaq ki, gələcəkdə normal futbol oynayacaq. Sən ha məcbur elə ki, 5 yerli futbolçu oynamalıdı. Yoxdu axı!.. Bu sözləri “Zirə”ylə oyuna əsaslanaraq danışmıram. Bəli, bu gün (dünən) komandamız zəif oynadı, bununla tam razıyam. Amma söhbət ümumi yanaşmadan gedir. Məşqçi yerli futbolçu tapıb oynada bilmir.
- Bu məsələni Klublar Komitəsində, AFFA qarşısında qaldırmısınızmı ki, limit məsələsinə yenidən baxılsın?
- Bəli, məsələni bir neçə dəfə qaldırmışıq və qeyd olunub ki, bu limit hələ 1 il də qüvvədə olan qərara əsasən tətbiq edilməlidi. Yalnız bundan sonra məsələyə yenidən baxıla bilər.
saytlarin hazirlanmasi